Azərbaycanda bu şəxslərin cərimə olunması təklif edilir – SƏBƏB

Azərbaycanda bu şəxslərin cərimə olunması təklif edilir - SƏBƏB

XXI əsrin ən böyük problemlərindən biri də ətraf mühitin çirkləndirilməsidir. Belə ki, bəzi insanlar yol gedərkən əllərində olan zibili yerə atmaqdan çəkinmir. Əksər ölkələrdə yerə zibil atan şəxslər cərimələnir. Azərbaycanda da ekologiya və ətraf mühiti qorumaq üçün hansı cəza tədbirləri var?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan ekoloq Telman Zeynalovun fikrincə, bu məsələ cərimə ilə həll olunmur. Lakin ekoloq cərimənin tətbiqini daha uyğun metod sayır:

“Düzdür, bir-iki dəfə cərimələndikdən sonra bu da adiləşəcək. Bəzi insanlar yenə bildiklərini edəcəklər. Ən yaxşı və doğru seçim məişət tullantıları üçün nəzərdə tutulan məntəqələrin çoxaldılmasıdır. İstəsək, o zibildən lazımı şeylər əldə edərik. Amma müəyyən insanlar yalnız ətrafı zibilləməyə qadirdilər. Onların sayəsində şəhərin təmiz qalması, ekologiyanın çirklənməməsi mümkün deyil”.

Bura zibil atanın... - Cərimə miqdarı NƏ QƏDƏRDİR?

İqlimşünas Məhərrəm Mehdiyev deyib ki, ətraf mühiti çirkləndirmək ilk növbədə sağlamlıq baxımından ziyandır:

“Əslində, yerə zibil atmaqla əlaqədar müəyyən cəza növü tətbiq oluna bilər. Bir vətəndaş kimi, mən də bunun tərəfdarıyam. İnsanların maarifləndirilməsi, məlumatlandırılması cəhətdən yerə zibil atanları cərimə etmək çox yaxşı olardı. Belə olan halda bir çoxları cərimədən çəkinib, yerə zibil atmazlar deyə düşünürəm”.

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, əslində, ətraf mühiti və ekologiyanı zibillərdən, tullantılardan asan şəkildə qoruya bilərik:

“Əgər bir şeyi təbliğatla həyata keçirə bilmiriksə, orada artıq məcburi metodlardan istifadəyə keçid qaçılmazdır. Bunlardan biri də cərimədir. Təəssüf ki, əksər müsəlman ölkələrində küçələr, ekologiya qorunmur, insanlar əllərindəki zibili hara gəldi atırlar. Bunu həm orta məktəblərdən başlayaraq ciddi təbliğ etməliyik, həm də paralel cərimə sistemi olmalıdır. Çünki Azərbaycanda maarifləndirməklə iş düzəlmir. Hər şey paralel şəkildə aparılmalıdır. Yəni bir tərəfdən maarifləndirmə, digər tərəfdən də cərimə üsulları olmalıdır”.

VI çağırış Milli Məclisin deputatı Aqil Abbas da düşünür ki, mütləq ətraf mühiti zibildən qorumaq üçün tədbirlər görülməli, qarşısının alınması ilə əlaqədar addımlar atılmalıdır:

“Küçəyə də zibil atarlar?! Bir də görürəm ki, siqareti çəkib, maşının pəncərəsindən çölə atırlar. Hər avtomobildən gündə bir dənə siqaret atılsa, Bakı küçələri necə olar? Sirr deyil ki, yer kötüklə doludur. Axırda da yazıq işçilər süpürüb-təmizləyir hamısını. Adamda bir insaf olar. Ona görə də, ən yaxşı çıxış yolu elə yerə zibil atan adama cərimə tətbiq etməkdir. Bundan sonra bəlkə, ağıllanarlar”.

image

Vəkil Mehman Muradlının sözlərinə görə, faktiki olaraq yerə zibil atanlarla bağlı cərimə təyin olunmayıb:

“Məişət tullantılarının yandırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yoxlama aparıb, cərimə təyin etmə səlahiyyəti var. Amma fərdi qaydada kiməsə yerə zibil atdığı üçün cərimə tərtib edilmir. Bir adam ətraf mühitə zərər vurursa, cərimə tətbiq etmək olar. Mən də cərimənin tərəfdarıyam. Çünki cərimənin özü də bir maarifləndirmə növüdür. İnsanların cibindən pul çıxmayana kimi, yenə də eyni şeyi təkrar edəcəklər. Lakin biləndə ki, etdiyi hərəkətə görə pul ödəməli olacaq, o adam dərhal özünü yığışdıracaq. İnanıram ki, cərimə tətbiq olunsa, müəyyən qədər təsiri olacaq”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Ekologiya və ətraf mühitin mühafizəsi

Zaira Akifqızı
Globalinfo.az

Azərbaycanda bu şəxslərin cərimə olunması təklif edilir - SƏBƏB