Ölkədə internet qiymətlərinin avqustun 25-dən kəskin artırılacağına dair məlumatlar ictimaiyyətdə narazılığa səbəb olub.
İstifadəçilər üçün ən ucuz tarifin 25 manat məbləğində müəyyənləşəcəyi bildirilir.
İnternet qiymətlərindəki bu dəyişim nəyə əsasən tənzimlənir?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli Azərbaycanda rəqabətli mühitin olmadığını deyib.
Onun sözlərinə görə, ölkədə provayderlərin sayı çox olsa da, interneti yalnız “Delta-Telecom”dan əldə edirlər:
“Bizdə interneti ancaq “Delta-Telecom” alır və satır. Qiyməti də onlar özləri artırırlar. Belə olduqda isə provayderlər məcbur qalıb interneti diktə edilən tariflə əldə edirlər. Provayderlərin sayı çoxdur, amma onlar hamısı interneti bir mərkəzdən alırlar. Başqa mərkəzlər yoxdur ki, fərqli yerlərdən ala bilsinlər”.
İqtisadçı deyib ki, bir mərkəzdə qiymət qalxan zaman digər mərkəzlər də artıma getməyə məcbur olurlar:
“Təəssüf ki, rəqabətsizlik mühiti var və bunun qarşısı alınmır. Əslində, Antiinhisar Komitəsi bu işlərlə məşğul olmalıdır. Lakin belə problemlərlə məşğul olmadığı üçün qiymətlər artırılır”.
Qeyd edək ki, “Aztelekom” və “Bakı Telefon Rabitəsi” abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcəyini bildirib.
Xatırladaq ki, hazırda Azərbaycanda internet provayderlərin minimal qiyməti 18 manatdır və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir.
Zaira Akifqızı
Globalinfo.az














