“Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsinə dair ciddi perspektivlər var. Bu perspektivlərin olduğu bir zamanda müxtəlif platformalarda dialoq və ünsiyyətin davam etdirilməsi bizim üçün müstəsna əhəmiyyətə malikdir”.
Bu sözləri Globalinfo.az-a politoloq Tural İsmayılov Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ xarici işlər nazirləri arasında baş tutacaq üçtərəfli görüş haqda danışarkən deyib.
Onun sözlərinə görə, ABŞ-ın son dövrlərdə Azərbaycan-Ermənistan arasında danışıqlarda maraqlı olması, sülh üçün səylər göstərməsi müsbət hadisədir:
“NATO sammiti çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenin moderatorluğunda üçlü görüşün keçirilməsi, ölkələrarası münasibətlərin normallaşması, problemlərin həll edilməsi baxımından önəm kəsb edir.
Rəsmi Vaşinqton bu gün daha obyektiv vasitəçi olaraq sülhün irəli nöqtəyə daşınmasında vasitəçi ölkə kimi mühümdür. Bu baxımdan Vaşinqton formatlı görüşlər, problemli məsələlərin həllində faydalı ola bilir. Bu prosesdə Entoni Blinkenin moderatorluğu xüsusilə vacibdir.
Bu gün dünyanın böyük siyasi mərkəzlərində bu məsələ müzakirə edilir. Hər kəs çalışır ki, vasitəçi kimi sülhdə payı olsun. ABŞ buna daha çox yaxındır”.
Turan Rzayev














