Avropanın türklərə nifrətinin əsl səbəbi: böyük toqquşma qaçılmaz görünür

Avropanın türklərə nifrətinin əsl səbəbi: böyük toqquşma qaçılmaz görünür

Avropanın türklərə münasibəti gündən-günə daha da qərəzli, ədalətsiz, qeyri-obyektiv şəkil alır. Bu, idmandan tutmuş, siyasətə qədər hər sahədə özünü göstərir.

Artıq münasibətlər tam bir düşmənçilik müstəvisinə keçib. Futbol üzrə Avropa Çempionatında baş verənlər bunu tam detallı şəkildə gözlər önünə sərdi. Türkiyə millisinin oyunçusu Merih Demiralın rəqib qapısına qol vurduqdan sonra “Bozqurd” işarəsi göstərməsi Avropanın türklərə qarşı kininin, paxıllığının miqyasını ortaya qoydu.

Bir daha aydın oldu ki, Avropa türk millətini qəbul etmir, onun uğurlarını qısqanır.

Bundan sonra necə olacaq? Belə ədalətsiz mövqe hara qədər davam edəcək?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Heydər Oğuz bildirib ki, Avropada özgələrə nifrət yalnız türklərə qarşı yönəlməyib.

Onun sözlərinə görə, faşizm və aşırı millətçiliyin vətəni olan bu qitədə başqa mədəniyyətlərə həmişə xor baxılıb:

“Xüsusilə də müsəlmanlara xor baxılıb. Bunun bir çox səbəbi var. Əvvəla, dediyim kimi, Avropa faşizmin vətənidir. Hər hansı bir nəsnə öz vətənində daha münbit yetişmə, böyümə mühiti tapır və tez bir zamanda yayılır.

İkincisi, türklər və müsəlmanlar həqiqətən də tarixən Avropa üçün böyük təhdid olaraq görülüblər. Avropa ilə müsəlmanlar arasında 200 il davam edən səlib döyüşləri olub və müharibələrdə müsəlmanlara türklər başçılıq edib. İş o yerə çatıb ki, Avropada bütün müsəlmanlara türk deyilib. Bir növ islam türklərlə eyniləşib. Üstəlik, Hun yürüşləri, monqol-tatar işğalına məruzqalma təhlükəsi avropalıların ən böyük xofuna çevrilib. Avropalılar bu gün belə Osmanlı imperiyasının Vyana qapılarına qədər gedib çıxmasını unuda bilmirlər.

Üçüncü ən mühüm səbəb müsəlman dünyasından Avropa ölkələrinə köçlərin günü-gündən artmasıdır. Avropa ölkələrinin özlərində demoqrafik çöküş yaşandığı bir zamanda müsəlman ölkələrindən onlara sığınan insanların doğurğanlığının yüksək olması Qərb dövlətləri üçün həqiqətən də böyük təhdid yaradır. Təsəvvür edin, avropalı xanımlarda doğurqanlıq nisbəti hər xanıma 1,2 faiz, bəzən hətta 1-dən aşağı olduğu halda, ərəblərdə bu nisbət 5.6 civarındadır. Afrikalı miqrantların da doğurğanlığı xeyli yüksəkdir. Bu da nəticə etibarilə Avropada yerli xalqların sayını azaldır, müsəlmanların sayını isə hədsiz dərəcədə çoxaldır. Avropalılar qorxurlar ki, bunun qarşısını almasalar, bir müddətdən sonra ölkələri müsəlmanlaşacaq.

Dördüncü mühüm amil müsəlman miqrantların yerli xalqla çətin inteqrasiya prosesi ilə bağlıdır. Müsəlmanların dinlərindən gələn fərqli düşüncələri və Avropa insanının getdikcə ateistləşməsi, ən əsası, eynicinsli evliliklərin artması istər-istəməz bu inteqrasiya prosesini əngəlləyir. Nəticədə ABŞ strateqi Samuel Hantinqtonun bir zamanlar irəli sürdüyü “mədəniyyətlərin qarşıdurması” sindromuna yol açır”.

Avropanın türklərə nifrətinin əsl səbəbi: böyük toqquşma qaçılmaz görünür

Heydər Oğuz

Heydər Oğuzun fikrincə, Avropada müsəlmanlara və türklərə qarşı nifrət getdikcə daha da artacaq:

“Hətta bu ziddiyyətlər vətəndaş müharibəsinə qədər vara da bilər. Avropa düşünür ki, indidən bu problemi həll edə bilməsə, bir müddətdən sonra buna ümumiyyətlə gücü çatmayacaq. Çünki Avropa insanı təkcə azalmır, həm də qocalır. Miqrantlar isə daha gəncdirlər. İstər-istəməz sabah Avropada vətəndaş qarşıdurması çıxarsa, gənc nəsillər qoca nəsilləri daha rahat ram edəcək. Amma dərd burasındadır ki, Avropa həm də bu gənc nəslə möhtacdır. Çünki fabriklərində, zavodlarında işləyəcək işçi qüvvəsinə ehtiyacları var. Avropa qocaldıqca, pensiya alanlarının sayı da artır. Onların təqaüdlərini vermək üçün gənc nəslin işləməsi və büdcəyə vergi ödəməsi lazımdır. Bir sözlə, Avropa odla su arasında qalıb. Oda yaxınlaşsa yanır, suya qərq olsa, batır. Bu isə onu həqiqətən də yoxoluşa sürükləyir. Yeri gəlmişkən, bu, mənim yox, Fransa Prezidenti Emmanuel Makronun fikridir. O, bu yaxınlarda çıxışlarından birində Avropanın ölməkdə olduğunu demişdi. Ölümünün səbəbini isə iqtisadiyyatda Çindən, enerjidə Rusiyadan, müdafiə və təhlükəsizlikdə ABŞ-dan asılılıqla əlaqələndirmişdi. Makron açıq şəkildə deməsə də, demoqrafik böyümədə də türklərdən və müsəlmanlardan asılıdırlar. Sadəcə, onları özlərinə necə inteqrasiya edəcəklərini bilmirlər və miqrantlara nifrətlə yanaşırlar”.

Zaira Akifqızı
Globalinfo.az