Kremlin mətbuat katibi Dmitri Peskov son açılamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda mümkün vasitəçi rolunda çıxış etməyəcəyini açıqlayıb.
D. Peskov həmçinin Astanada Ərdoğan və Putin arasında baş tutan görüşdə Ukrayna münaqişəsi mövzusunun müzakirə olunduğunu təsdiqləyib.
Türkiyənin vasitəçilik missiyası sıradan çıxdı? Müharibə daha amansız fazaya keçir? Rusiya istəyinə nail ola biləcək?
Mövzunu Globalinfo.az – a şərh edən politoloq İlyas Hüseynov deyib ki, Rusiya-Ukrayna müharibəsinin danışıqlar fazasına keçməsi üçün heç bir əsas yaradılmır:
“Aydın məsələdir ki, Rusiya-Ukrayna arasında konkret vasitəçi olmasa da, Türkiyə bu missiyanı icra edirdi. Özü də Türkiyənin vasitəçiliyi kifayət qədər müsbət hadislər ilə yadda qaldı. Məsələn, taxıl böhranı zamanı dəhlizin yaradılması və ya ukraynalı hərbçilərin dəyişdirilməsi Türkiyənin prosesdə iştirakının uğurlu nəticələridir. Bu mənada Ankaranın vasitəçi kimi təmasları saxlaması vacib idi.
Təəssüf ki, Rusiya tərəfi kəskin cavab ilə Türkiyənin vasitəçiliyindən imtina etdi. Bu o deməkdir ki, müharibə artıq daha aqressiv, dağıdıcı və qanlı olacaq”.

İlyas Hüseynov
“Rusiyanın belə aqressivləşməsinə Qərbin sərgilədiyi mövqe də təsir edir. Belə ki, Qərb heç bir halda danışıqlarda Rusiyanı tərəf kimi görmür. Hətta Ukrayna münaqişəsi ilə bağlı tədbirlərə Rusiya dəvət edilmir. Yəni sülh yolunu həm də Qərb bağlayır.
Bu gün Ukraynaya dəstək adı altında bir araya gələn ölkələr rəsmi Kiyevi müharibəyə təhrik edir. Qərb bir yandan Ukraynanı silahlandırır. Vəziyyət belə ikən Rusiyanın müharibəni daha aqressiv, dağıdıcı mərhələyə keçirəcəyini demək olar”, – politoloq bildirib.
Turan Rzayev
Globalinfo.az














