Bir necə türk və müsəlman ölkəsində niqabla bağlı rəsmi açıqlamalar verildi. Son olaraq Tacikistan və Dağıstanda niqab qadağan edildi.
Qazaxıstanın sabiq rəhbəri Nursultan Nazarbayev də türk qadınların geyimi ilə bağlı fikir bildirmişdi. Demişdi ki, onlar necə geyinmək lazım olduğunu yaxşı bilirlər. Bir növ niqabı dəstəkləmədiyini açıqlamışdı.
Aylar öncə Səudiyyə Ərəbistanında da məcburi hicab və niqab məsələsi ilə bağlı yumşalmaların olduğu açıqlanmışdı.
Maraqlıdır, niqabla bağlı tendensiyanın səbəbi nədir? Azərbaycanda da niqab qadağan edilə bilərmi?
Mövzunu Globalinfo.az – a şərh edən deputat Fazil Mustafanın fikrincə, niqab məsələsinin ləğvi ilk növbədə terror qorxusu ilə bağlıdır.
O deyib ki, doğrudan da hicab və ya niqab forması adı altında terrorçu fəaliyyətlərin bir neçə nümunəsi baş verdiyindən, bu ölkələr belə təhlükənin qarşısını almaq üçün indiki addımı atırlar:
“Görülən tədbirlər dini simvollaşdırmaq məsələsinə qarşıdır. Bizdə də əslində niqab bir çox hallarda inancdan irəli gəlmir. İnancda geyimin bürünmə forması nəzərdə tutulub. Amma hansısa qapqara çadra ilə dünyəvi dövləti sanki təhdid etmə görüntüsü verir. Yəni normal şəkildə Türkiyədə, başqa ölkələrdə insanlar hicab geyinirlər lakin hansısa təhlükəli bir görüntü vermir. Bəzən isə bizdə təhlükəli görüntü verir. Ona görə də həmin dövlətlər buna qarşı öz addımlarını atırlar. Məncə, atılan addımlar birinci növbədə elə dindarların özünə faydalıdır. Çünki dindarı terrorçu obrazında görməmək üçün normal geyinərək sadəcə, öz inancına aid olan ritualları yerinə yetirməyə sövq edir. Buna daha çox dindarlar maraqlı olmalıdırlar ki, onların saf, təmiz inancını hansısa ölkənin ideoloji vasitəsi kimi göstərməsinlər”.

Fazil Mustafa
F.Mustafanın fikrincə, bizdə geyimə görə artıq bilinir ki, bu, irançıdır, ərəbstançıdır, ya Türkiyədə hansısa bir təriqətə yaxın şəxsdir:
“Hətta bir çox hallarda bunu saqqalın düzülüşündən müəyyən etmək olur. Ona görə də, görüntü olaraq islamı yaşayanlarla səmimi şəkildə islamı yaşayanların fərqləndirilməsi baxımından belə addımların atılması nəzərdə tutulur. Əslində, Tacikistanda və başqa yerlərdə də bu məqsədlə edilir. Hər halda terrorla bağlı təhlükə əgər xeyli ciddiləşərsə, bizdə də belə bir addımların atılması mümkündür. Çünki terrorun əsas mənbəyi olaraq əksər qüvvələr islamı istifadə edirlər. Bu da islamın düşüncələrdə bir təhlükəyə çevrilməsinə gətirib çıxarır. Halbuki dini normal, səmimi yaşayan yüzminlərlə insan var, onların hamısı da müəyyən dərəcədə töhmət altında qalmış olurlar. Biz elə etməliyik ki, səmimi inanclılarla başqa ölkənin sifarişini həyata keçirən, müəyyən ideoloji simvolu daşıyan bütün ünsürləri seçə bilək və elələrinə cəmiyyətdə əl-qol atmasına imkan verməyək. Bunların dövlətimizin, cəmiyyətimizin normal həyatına, dünyəvi quruluşumuza zərər gətirməsinə şərait yaratmayaq”.
Zaira Akifqızı
Globalinfo.az














