Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlətin müstəqilliyinə, siyasi plüralizmə, demokratiyanın inkişafına, siyasətdə və iqtisadiyyatda sərbəstliyə və digər bir çox sahələrə xüsusi önəm verildi. Müstəqillikdən sonra qısa zaman kəsiyində vətəndaş cəmiyyəti ilə paralel hüquqi dövlətin formalaşması prosesi də sürətləndi.
Hüquqi dövlət anlayışı nədir? Bu istiqamətdə hansı işlər görülür?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra çox çətin bir dövr adlayıb, xüsusən müstəqilliyin ilk illərində parçalanma, məhv olma təhdidi ilə üz-üzə qalıb:
“Lakin Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması vəziyyəti köklü şəkildə dəyişdi, o cümlədən Azərbaycanda hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin, siyasi və media plüralizminin bərqərar olunması prosesinə start verildi. Ulu Öndərin şah əsərlərindən biri olan Azərbaycan Respublikasının Konstitusiyasında ali niyyətlər kimi vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu əsas istiqamətlərdən, altı ali niyyətdən biri kimi müəyyən edildi. Ulu Öndərin ideyalarının sonrakı dövrlərdə Azərbaycan xalqının xilas və nicat yolu kimi yaşadılması, həmçinin konstitusion formada bəyan olunmuş ali niyyətlərin də davamlılığı üçün əsas oldu”.
Deputatın sözlərinə görə, o cümlədən hüquqi dövlət quruculuğu istiqamətində çox ciddi addımlar atıldı, xüsusən bu həssas istiqamətdə sui-istifadələrin qarşısı alındı və üçüncü sektorun inkişafı bütövlükdə dövlətin və xalqın milli maraq və mənafelərinin uzlaşdırılması şəraitində davam etdirildi:
Bəhruz Məhərrəmov
“Ümumiyyətlə, Azərbaycan özünün konstitusion səviyyədə ifadə etdiyi niyyətlərə və dövlətin ali məqsədlərinə münasibətdə həmişə səmimi olub və istər Ulu Öndər Heydər Əliyev, istər cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan ümumbəşəri dəyərlərə həmişə sadiq qalıb. İnsan amili hər zaman Azərbaycanın dövlətçilik məfkurəsinin təməlində dayanıb və bu çərçivədə insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən vətəndaşların layiqli rifah səviyyəsinin təmin olunması dövlətin ali məqsədi kimi müəyyənləşib. Prezident İlham Əliyev vətəndaş cəmiyyəti quruculuğu, siyasi plüralizm, media azadlığı, o cümlədən hüquqi dövlət quruculuğu prosesinə də məhz insan amilinə, insan hüquq və azadlıqlarının daha effektiv təmininə xidmət edən meyarlar kimi yanaşıb”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Safura Bənnayeva
Globalinfo.az














