İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziri İranda əxlaq polisinin səlahiyyətli orqanlar tərəfindən ləğv edildiyini bildirib. Müntəziri deyib ki, bu qurumun məhkəmə sistemi ilə heç bir əlaqəsi yox idi.
Baş prokuror çıxışında hər nə qədər əxlaq polisinin ləğv edildiyini desə də bir çoxları buna inanmır. İddialardan biri isə belədir ki, əxlaq polisi ləğv edilməyəcək, bundan sonra hüquq-mühafizə orqanlarının tərkibində fəaliyyət göstərəcək.
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, İran inqilabın qarşısını ala bilmədiyi üçün güzəştə getmək məcburiyyətində olduğunu anlayır:
“Ümumiyyətlə İrandakı mövcud etiraz aksiyalarının başlanma səbəbi əxlaq polisinin gənc kürd əsilli aktivist xanım Məhsa Əminini qətlə yetirməsi idi. Lakin Məhsa Əmini əxlaq polisi tərəfindən qətlə yetirilən ilk qadın deyil. Bu günə qədər yüzlərlə belə qadın əxlaq polisinin qurbanı olub.
Düşünmürəm ki, əxlaq polisini ləğv etmək mövcud etiraz aksiyalarını səngitsin. Ümumiyyətlə bu yanaşma olduqca cılız səslənir. Bu gün İranda köklü sosial-iqtisadi və siyasi islahatlara ehtiyac var. İran tarixinə nəzər salsaq etiraz aksiyalarının sosial problemlərdən qaynaqlandığını görə bilərik. Lakin bugünkü vəziyyət heç də belə deyil. Etiraz aksiyalarının motivi regionlar üzrə fərqlilik təşkil edir. Yəni Məhsa Əminin ölümü aksiyalara səbəb olsa da, onun ölümünə səbəb olan əxlaq polisinin ləğv edilməsi prosesi yekunlaşdırmayacaq”.
Politoloqun sözlərinə görə, İranda əxlaq polisi olmasa da hüquq-mühafizə orqanlarının tərkibində bu işi görəcək insanlar tapılacaq:
“Ümumiyyətlə rəsmi Tehranın bundan sonra edəcəyi islahatlar, konstitusiya dəyişikliyi, hətta etnik azlıqlara veriləcək sözlər belə əsassızdır. Bu, islahat deyil, sadəcə etirazçıların artan təzyiqini azaltmaq məqsədi daşıyır. Rejim bunu kiçik güzəşt kimi qiymətləndirir. Ancaq əxlaq polisinin ləğvi İranda qadınların geyim azadlığına şərait yaradırmı? Bu suala hələ aydın cavab verməyiblər”.
Turan Rzayev














