Trampın prezidentliyə namizədliyi sual altına düşür?

Trampın prezidentliyə namizədliyi sual altına düşür?

“Donald Tramp ona qarşı irəli sürülən 34 ittiham üzrə təqsirli bilinərək həbsə atılsa belə, ABŞ prezidentliyinə namizədliyini irəli sürə biləcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

Nəşr yazır ki, ABŞ konstitusiyası heç kəsə cinayət işinin açılmasına görə prezidentliyə namizəd olması üçün məhdudiyyət qoymur. Bu səbəblə Donald Tramp haqqında hansı qərarın verilməsindən asılı olmayaraq prezidentliyə namizəd ola bilər.

Məlumata görə, D.Tramp həbsdə olarkən ABŞ prezidenti seçilmək üçün kampaniya aparan ilk şəxs olmayacaq. Belə ki, Amerika Sosialist Partiyasının prezidentliyə namizədi Eugene Debs də həbsdə olarkən belə bir kampaniya aparıb. O, ABŞ-ın Birinci Dünya müharibəsinə qoşulmasına qarşı çıxdığı üçün vətənə xəyanətdə ittiham edilərək həbsə atılıb. E.Debs həbsxanada olarkən prezidentliyə namizədliyini irəli sürüb və bu istiqamətdə kampaniya aparıb.

Nəşr iddia edir ki, Tramp ittihamların nəticəsində ev dustaqlığına məhkum edilsə belə, kampaniya üçün evində görüşlər keçirə, maliyyə toplaya bilər.

Qeyd edək ki, məhkəmə Donald Trampı ona qarşı irəli sürülən 34 ittiham üzrə təqsirli bilib. Yekun qərar üçün sonuncu iclas 11 iyula təyin olunub. Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək.

Ayşən Mustafa
Globalinfo.az