“Sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri minimum və orta əməkhaqqı ilə bağlıdır”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında deyib.
Deputat Azərbaycanın əməkhaqqı miqdarı ilə bağlı məsələdə region ölkələrində geri qaldığını bildirib:
“Xüsusilə bu göstəricilərə görə, regional müqayisədə Gürcüstan və Ermənistanın ölkəmizdən irəli keçdiyi görünür. Əlbəttə, Rusiyanın embarqo və sanksiyalara məruz qalması belə süni vəziyyət yaratdığı bəllidir, qonşu ölkələrin rəqəmlərindəki sıçrayış iqtisadiyyatın əsas sahələr üzrə köklü inkişafının nəticəsi deyil. Hazırki rəsmi statistika əsasında müqayisəyə əsasən, Azərbaycanda aylıq orta əmək haqqı 557 dollar, Ermənistanda aylıq orta əmək haqqı 710 dollar, Gürcüstanda aylıq orta əmək haqqı 748 dollardır. MDB statistika qurumunun verdiyi məlumata görə 2023-cü ildə üzv ölkələrdə orta aylıq əmək haqqı göstəriciləri belə olub: Ermənistan – 824 ABŞ dollar, Azərbaycan – 560 ABŞ dolları. Biz Cənubi Qafqazda liderliyimizi qorumaq üçün daha təsirli tədbirlər görməliyik”.
Ayşən Mustafa
Globalinfo.az