Vuqar isgender

Deputat Vüqar İskəndərovun Şimali Kiprdə mahnı ifa etməsi maraqla qarşılanıb.

Globalinfo.az xəbər verir ki, o, Azərbaycanın xalq mahnısı olan “Qaragilə”ni ifa edib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Vüqar İskəndərov Şimali Kipr Türk Respublikasında baş tutan səfərin son günü Prezident Ersin Tatarın ziyafət təşkil etdiyini bildirib.

Onun sözlərinə görə, həmin ziyafətdə Türkiyədən, Şimali Kiprdən olan millət vəkilləri və Azərbaycanın 6 nəfərlik qrupu iştirak ediblər:

“Həmin mərasimdə Türkiyədən olan həmkarım Cantürk Alagöz bir neçə türk mahnıları səsləndirdi. Sonra qonaqlar və Kıbrısdan mahnı oxudular. Bunun ardınca türk millət vəkili “Çırpınırdın, Qara dəniz” mahnısını ifa etdi. Mən də orada onunla bərabər bir kupletini ifa etdim. Təbii olaraq məndən xahiş etdilər ki, Azərbaycan mahnılarından səsləndirim. Musiqimizi mütləq təbliğ etmək lazım idi. Sadəcə, musiqiçilər müşayiət edə bilmədilər deyə, demək olar ki, xalq mahnımız “Qaragilə”ni musiqisiz oxuyası oldum”.

Deputat siyasətçilərin qeyri-adi bacarıqlarından danışıb:

“Siyasətçilər göstərirlər ki, lazım gələrsə, mahnı da ifa edə bilərik. Özüm tar sinfini əla qiymətlə bitirmişəm, musiqi təhsilim var. 15-ə yaxın simli və zərb alətlərində ifa edə bilirəm. Bir az da oxuya bilirəm (gülür).

Düzü, bunu orada olan həmkarlar lentə alıblar. Yəqin ki, bizim mediaya da onlar tərəfindən göndərilib və beləcə, yayılıb. Fəxr edirəm ki, siyasətçi olsaq da, mədəniyyətimizi, musiqimizi təbliğ edə bilirik”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: