“Əslində Vətən müharibəsində parlaq qələbəni qazanan bir xalqın öz “Milli Ailə Günü” olmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər” mövzusunda mayın 15-də keçirilən konfransda deyib.
Z.Oruc bildirib ki, hərbi uğurumuz həm də ailə institutunun güclənməsi və möhkəmlənməsi deməkdir:
“Ölkəmizin müdafiə qabiliyyətini formalaşdıran, müasir hərbi texnologiyaları hərəkətə gətirən və sosial rifahı təmin edən qüvvə məhz ailə təsisatıdır. Onun sarsılmazlığı, bütövlüyü və müqəddəsliyi sərhədlərinin qorunması qədər vacibdir. Gəlin, bütün virtual şəbəkələrdə paylaşılan və 44 günlük müharibədə azərbaycanlı ailəsinin bənzərsiz mənzərələrini, qəhrəmanlıq tablolarını əks etdirən bir sətirlik hekəyələri yenidən xatırlayaq”.