Prezidentin Şuşa bəyanatının kilid ünvanı: Əsas hədəf bu ölkələr idi

Prezidentin Şuşa bəyanatının kilid ünvanı: Əsas hədəf bu ölkələr idi

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dünən yenə də Qarabağda idi. Amma budəfəki səfəri əvvəlkilərdən fərqlənirdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov Prezident İlham Əliyevin Şuşaya köçmüş ilk sakinlərlə görüşdə dediklərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezidentin Azərbaycanın əzəli torpağı olan bu məkanlara hər bir səfəri özünəməxsusdur, xüsusidir:

“Dünənki səfər də istisna deyildi. Bu səfərin özünəməxsusluğu onun Şuşaya köçürülən ilk sakinlərlə birlikdə edilməsi idi. İlham Əliyev hər səfərində təkcə respublikamızda deyil, regionumuzda və qonşu ölkələrdə maraqla gözlənən bəyanatlarla çıxış edir, siyasi proseslərə öz qiymətini verir. Şuşaya köçən Azərbaycan vətəndaşları qarşısında çıxışı zamanı da belə oldu.

Azərbaycan Prezidenti regionda baş verən son hadisələr zamanı öz qiymətləndirmələrini tezislər şəklində bəyan etdi. Diqqəti çəkən ilk tezis ondan ibarət oldu ki, “Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil” . Həqiqətən Azərbaycan xalqı yüz illərlə bu regionda mövcud olub və heç zaman heç bir dövlətin torpağında gözü olmayıb. Biz heç zaman özgələrinin torpağı uğrunda işğalçı müharibələrə başlamamışıq. Amma öz torpaqlarımızın da işğal altında olması ilə barışmamışıq, barışmayacağıq. Ermənistanla apardığımız 44 günlük müharibəyə gəlincə, bu, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız müharibə idi.

Cənab Prezident yaxın illərdə baş verən hadisələri xatırlamaqla erməniləri və onların havadarlarını öz düşmənçilik hərəkətlərindən əl çəkmələri barədə xəbərdarlıq etmək istəyirdi. Diqqətlə baxdıqda İlham Əliyevin bu bəyanatları Ermənistandan daha çox onun arxasında dayanan qüvvələrə ünvanlandığını görməmək mümkün deyil. Həqiqətən də belədir. Çünki Ermənistan müstəqil deyil ki, onunla oturub dialoq aparasan. Ona deyilən sözlər arxasında dayananların süzgəcindən keçəndən sonra onlara çatır.

Prezidentin Şuşa bəyanatının kilid ünvanı: Əsas hədəf bu ölkələr idi

Əlimusa İbrahimov

Ermənistan nə əvvəllər, nə də ki, 44 günlük müharibədən sonra müstəqil siyasi kurs yeridən dövlət olmayıb. İndi də onun yerinə digər dövlətlər qərar qəbul edir. İrəvanı isə qəbul etdikləri qərarları yerinə yetirməyə məcbur edirlər. Məhz buna görə də İlham Əliyev üzünü Ermənistana tutur, amma müraciətinin ünvanı, Fransa, ABŞ, Aİ-dir: “Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”.

Ekspert deyib ki, İlham Əliyev dünənki bəyanatı ilə növbəti dəfə Ermənistan və onun havadarlarını Cənubi Qafqazda vəziyyəti gərginləşdirməməyə çağırdı:

“O, açıq şəkildə bildirdi ki, sabitliyin qorunması həm region dövlətləri, həm də regionla yaxından maraqlanan dövlətlər üçün ciddi əhəmiyyət daşıyır. Müharibə heç kimə xeyir gətirməyib. Müharibəni fürsət görənlər qoy Ukrayna və Fələstinə baxsınlar. İlham Əliyevin çağırışlarına müsbət cavab vermək isə ən çox Ermənistanın xeyrinə olardı: “İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən edək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik, orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”, – dövlət başçısı əlavə edib.

Turan Rzayev
Globalinfo.az