Bu il Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatında sürpriz nəticələr qeydə alınır. Xüsusən bəzi favoritlərin gözlənilmədən xal itirməsi, Almaniya yığmasının qrupda qalıb mundialla vidalaşması birmənalı qarşılanmayıb. Bir çox futbol azarkeşləri çempionatın məhz belə daha maraqlı keçdiyini bildirsələr də, sözügedən sürpriz nəticələrin oyun alqı-satqısı ilə bağlı olduğunu deyənlər də var.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan idman jurnalisti Ramiz Mirzəzadə bildirib ki, burada heç bir alqı-satqıdan söhbət gedə bilməz:
“Hansısa böyük bir turnirdə, böyük futbol yarışında belə bir halın baş verməsinə inanmıram. DÇ-də kifayət qədər iddialı komandaların oyunlarından sonra bu cür ifadələrin səslənməsi futbola qarayaxma kampaniyasıdır”.
Almaniya millisinə gəlincə, fikrimcə, bu uğursuzluğun əsas səbəbi komandanın Yaponiya ilə start oyundakı arxayınlığı və hücum xəttində istənilən səviyyədə futbolçunun olmaması ilə bağlıdır. Bu, Almaniya millisinin işini xeyli çətinləşdirdi. Ümumiyyətlə, Almaniya futbolunda hazırda çox ciddi 9 nömrə problemi var. Bir sözlə, DÇ-də yaxşı nəticə əldə etmək üçün yaxşı kollektiv, düzgün sistem və özünəinam lazımdır. Bəzi komandalar arxayınlığın və sistemsizliyin qurbanı oldular”.
Əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov da Almaniyanın uğursuzluğundan danışıb:
“Almaniya uğursuz çıxış etdi, amma bu, ilk dəfə deyil. 2014-cü ildə bu komanda dünya çempionu oldu. Ondan sonra komandada böhran yaşanır. Almaniyanın qrupundan daha hazır vəziyyət olanda Yaponiya və İspaniya növbəti mərhələyə adlayıb. Bu, onların daha güclü kollektivlər olduğunu göstərir”.
A.Bağırov da oyun alqı-satqısı məsələsinin adətən diqqətdən kənar qalan turnirlərdə yaşandığını bildirib:
“Məsələn, bəzən ikinci, üçüncü liqa səviyyəsində yarışlarda belə hallara ara-sıra rast gəlinir və üstü açılanda ağır cəzalar tətbiq olunur. Dünya Çempionatında isə danışılmış oyunun olması fikri ilə razı deyiləm. Futbolda sensasiyalar, qeyri-adi nəticələr hər zaman olur”.
Futbol hakimi Kamal Umudlu da alqı-satqı məsələsi ilə bağlı şayiələrin doğru olmadığını deyib:
“Dünya Çempionatı kimi mötəbər turnirdə hansısa milli komandanın bu yola əl atacağına qətiyyən inanmıram. Oyun alqı-satqısı ali futbol qurumlarının həssaslıqla izlədiyi məsələdir. Bu işlərə əl atanlara şiddətli cəza tədbirləri görülür. Hətta elə futbolçular var ki, ömürlük futboldan uzaqlaşdırılırlar. Məhz bu səbəbdən hansısa milli komandanın belə yola əl atacağına inanmıram”.
Referi bildirib ki, Almaniyanın ilk oyunda Yaponiyaya məğlub olması hər kəsə sürpriz oldu:
“Hamı “Bundestim”dən qələbə gözləsə də, mən Yaponiyanı zəif rəqib kimi görmürdüm. Onlar İspaniya ilə oyunda da sübut etdilər ki, DÇ-də asan rəqib deyillər. Almaniya İspaniya ilə görüşdə layiqli oyun nümayiş etdirdi. Digər oyunlarda yaranan nəticələrin futbolçulara bildirilməyi onlarda motivasiya baxımından geriləmə yaratdı. Durğunluq hiss olunurdu. Bu da hesabda geriləməyə səbəb oldu. Amma sonradan toparlanıb, nəticəni öz xeyirlərinə dəyişməyi bacardılar”.
K.Umudlu yalnız Azərbaycan millisinə azarkeşlik etdiyini bildirib:
“Mənim hansısa milli komandaya və ya kluba azarkeşlik etmək yanaşmam yoxdur. Hər birimiz azərbaycanlı olduğumuz üçün təbii ki, Azərbaycan millisinə azarkeşlik edirik. Sadəcə, bu dünya çempionatında Braziliya yığmasını favorit görürəm. Digər iddialı görüdüyüm komanda isə Fransa seçməsidir”.
Zaira Akifqızı
Globalinfo.az














