Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki özbaşınalıqları davam edir. Sülhməramlıların Qarabağa 14 xarici ölkənin vətəndaşının keçidini təmin etməsi faktiki olaraq 10 noyabr bəyanatının müvafiq tələblərinə ziddir. Bu bəyanatın pozulması ilə yanaşı, həm də Azərbaycan qanunlarının kobud şəkildə çiynənməsi deməkdir.
14 xarici vətəndaşın xarici xüsusi xidmət orqanlarının əməkdaşları olduğuna dair iddialar da səslənir.
Maraqlıdır, rəsmi Bakı bundan istifadə edib istənilən vaxt antiterror əməliyyatına start verə bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən sabiq xarici işlər naziri politoloq Tofiq Zülfüqarov deyib ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında təhlükəsizlik tədbirləri ilə yanaşı sərhəd və nəzarət funksiyalarını da yerinə yetirməsi məntiqsizdir:
“Bu gün dünyanın heç bir ölkəsində sülhməramlı missiyanı icra edən qüvvələr həmin ölkənin sərhəd və buraxılış məntəqələrinə nəzarət etmir. Bu işi həmin ölkənin müvafiq qurumu qanunlar əsasında icra etməlidir.
Misal üçün, bu gün Azərbaycan sərhədçiləri Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət bölgəsində rahatlıqla sərhəd xidmətini, həmçinin buraxılış missiyasını yerinə yetirə bilər. Azərbaycan ərazisinə vizalı və ya vizasız girişin təminini məhz biz gerçəkləşdirməliyik.
10 noyabr bəyanatına görə Rusiya sülhməramlıları məsuliyyət zonasında sadəcə təhlükəsizliyi təmin etməlidir. Bunun xaricində atılan bütün addımlar qanunsuzdur”.
T.Zülfüqarovun sözlərinə görə, bu gün Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan ərazilərdə Azərbaycan sərhədçiləri fəaliyyət göstərsə, nəinki 14 xarici ölkə vətəndaşı heç kəs özbaşına ölkəmizin suveren ərazilərinə daxil ola bilməyəcək:
“Mütləq şəkildə Laçın yolunda Rusiya sülhməramlıları ilə yanaşı Azərbaycan sərhədçilərdən ibarət patrul da olmalıdır.
Biz Rusiya sülhməramlılarının 10 noyabr bəyanatına görə təhlükəsizliyi təmin etdiyini bilir və qəbul ediriksə onlar da Azərbaycan torpaqlarında Azərbaycan qanunlarının icra edilməsinin vacibliyini qəbul etməlidir.
Bu gün bu olmadığı üçün Rusiya sülhməramlılarının məsuliyyət zonasında ermənilər silahlanır və vaxtaşırı atəşkəsi pozur. Əgər bu hal artsa və mülki insanlar həyatını itirsə, rəsmi Bakı növbəti antiterror əməliyyatına start verəcək”.
Turan Rzayev
Globalinfo.az