Son günlər Naxçıvana ciddi hadisələr baş verir. Muxtar respublikada bir sıra struktur islahatları aparılır, Naxçıvandakı qurumlar Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilir.
DTX əməkdaşlarının Naxçıvan Muxtar Respublikasında keçirdiyi ardıcıl əməliyyatlar isə xüsusi ilə diqqət çəkir. Vasif Talıbov 2018-ci ildən etibarən dərinləşən kadr islahatından sonra özünü, kreslosunu qoruya bilmişdi. Lakin baş verən son hadisələr onu deməyə əsas verir ki, artıq Naxçıvanda Vasif Talıbov zamanı bitir.
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən millət vəkili Müşfiq Cəfərov deyib ki, Naxçıvandakı islahatlar uzun illərdir dövlətimizin korrupsiyaya qarşı mübarizəsinin tərkib hissəsidir:
“Nəinki Naxçıvan, Gəncə və ya Bakı, bütün Azərbaycanda bu islahatlar uzun müddətdir gedir və effektini də görürük. Kimliyindən asılı olmayaraq müəyyən bir vəzifə həvalə olunan şəxs bundan öz mənafeyi üçün istifadə edirsə mütləq şəkildə cəzalandırılmalıdır. Bu gün hələ də məhkəmə prosesi davam edən icra başçıları, həbs olunan nazir müavinləri, gömrük rəisləri hər biri digərlərinə dərs olmalıdır. Dövlət başçısının etimadından istifadə edib, qanunsuz işlərlə məşğul olaraq xalqı da dövlətdən narazı salmaq yolverilməzdir.
Mən bu proseslərə sistematik islahat kimi baxıram. Naxçıvan da Azərbaycanın tərkibində olan ərazimizdir. Burada baş verən proseslər Bakının nəzarəti altında olmalı və rəhbərliyin bütün fəaliyyəti Azərbaycan hökumətinə tabe edilməlidir.
Nə Naxçıvan, nə də ki başqa bir bölgəmizdə müstəqil, özbaşına fəaliyyət göstərən qurum, rəhbərlik ola bilməz. 90-cı illərin çətin şəraiti, torpaqlarımızın işğalı Naxçıvanın hazırkı statusa malik olmasına səbəb oldu. Lakin bu gün Azərbaycan rəhbərliyi günü-gündən dövlətimizin nüfuzunu artıran fəaliyyəti ilə xarici siyasətdə çox vacib bir imic formalaşdırdı. Artıq Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil. Burada güclü, vahid dövlət idarəçiliyindən söhbət gedir və Naxçıvanda birbaşa Bakı şöbələri yaradılması məqsədəuyğun addımdır. Azərbaycan ondan qoparılmış bütün əraziləri geri qaytardı və vahid bir ideologiyaya xidmət edən idarəçilik sistemi də öz təşəkkülünü tapır”.
AĞ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə isə, hakimiyyət bir müddətdir ki, daxildə bəzi islahatlar aparmağa başlayıb:
“Biz müxalifət olaraq bu islahatların keyfiyyətini, sürətini və ya icrasını tənqid etsək də reallıq ondan ibarətdir ki, islahatlar aparılır. Faktiki olaraq iqtidarın 90-cı illərdə qalan köhnə komandasından heç kəs qalmayıb.
Lakin iqtidar daxilində dəyişikliklərin olması o demək deyil ki, gedən şəxslərin təsir imkanları azalıb. Çünki bu şəxslərin əlində hələ də maliyyə imkanları qalmaqdadır. Müxtəlif vasitələrlə dövlətin sosial, iqtisadi, siyasi həyatına təsir edə bilirlər.
Vasif Talıbova gəldikdə isə deyə bilərəm ki, onunla bağlı nəsə demək üçün hələ tezdir. Məsələ ondadır ki, Talıbov hazırda faktiki olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədridir. Övladları da yüksək vəzifələrdə alışırlar. Başqa qohumları da hazırda müxtəlif vəzifələr tuturlar. Yəni onu bu tezlikdə sıradan çıxarmaq elə də sadə məsələ deyil. Söhbət 30 ildir dövlətdə kök salmış bir nəsildən gedir.
Növbədə kimin olduğuna gəldikdə isə deyə bilərəm ki, bunu yalnız iqtidar və prezident bilər. Şəxsən biz Kəmaləddin Heydərovun getməsini gözləyirdik, ancaq o hələ də vəzifədə qalır.
Ümumiyyətlə, əsas məsələ kimin vəzifədən getməyi deyil, yanaşmanın, sistemin, idarəetmənin düzgün təşkil olunmasıdır. Bu gün yeni kadrlar təyin edilir və onlar da nəsə etmək istəyir, lakin sonradan görürsən ki, gənc, yeni kadrlar da neqativ hərəkətlərə yol verirlər”.
Turan Rzayev
Globalinfo.az