Sabah Türkiyədə keçiriləcək yerli özünüidarə orqanlarına seçkilərlə əlaqədar ölkə ərazisində bir sıra qadağalar tətbiq olunacaq.
Globalinfo.az xəbər verir ki, sabah saat 06:00-dan 00:00-dək ölkənin hər yerində spirtli içkilərin satışı və istifadəsi qadağan edilib. Bununla yanaşı, əsasən kişilərin sıx toplaşdığı internet-kafe, çay evləri fəaliyyət göstərməyəcək. İstirahət mərkəzlərində isə yalnız yemək veriləcək.
Seçki günü Türkiyənin bütün media qurumlarına da müəyyən qadağalar tətbiq ediləcək.
Martın 31-i saat 18.00-dək seçki və onun nəticələri ilə bağlı hansısa xəbər və şərh verilməsi qadağan edilib. Media saat 18.00-dan 21.00-dək yalnız Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) seçki ilə bağlı verəcəyi xəbər və bildirişləri yayımlaya biləcək. Saat 21.00-dan etibarən isə sərbəst yayıma keçəcək. Yalnız zərurət yarandığı təqdirdə YSK-nın qərarı ilə saat 21:00-dan əvvəl yayım sərbəstliyinə icazə verilə bilər.
Xatırladaq ki, seçkilərdə 34 siyasi partiya iştirak edəcək. Ümumilikdə 64 milyon 441 mindən çox şəxs səsvermə hüququna malikdir.