Ötən gün “RİA Novosti” Ukraynanın Rusiya hərbi məhsullarını almaq üçün Qazaxıstanla danışıqlar apardığına dair məlumat yayıb.
“Ukrspetsexport” Şirkətlər Qrupunun Su-24, MİQ-29 təyyarələrinin PGK-10 paraşüt əyləc sistemi üçün rus istehsalı komponentlər almaq üçün Astanaya müraciət etdiyi bildirilir. İddialara görə, Qazaxıstan Ukraynanın bu istəyinə müsbət cavab verməyi və lazım olan məhsulları satmağı düşünür.
Bəs KTMT üzvü, Rusiyanın müttəfiqi olan Qazaxıstan iddia edildiyi kimi bu addımı ata bilərmi? Əgər satış həyata keçirilərsə, Moskvanın Astanaya reaksiyası necə olacaq?
Globalinfo.az-a danışan politoloq Samir Hümbətov Astana və Moskva arasındakı əlaqələrə diqqət çəkərək bildirib ki, sözügedən iddialar reallığa uyğun gəlmir:
“Ukraynanın Qazaxıstandan Rusiya istehsalı hərbi vasitələr alması o qədər də real görünmür. Nəzərə almaq lazımdır ki, Qazaxıstanla Rusiya arasında münasibətlər həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində inkişaf etməkdədir. Lakin paralel olaraq dəfələrlə Rusiya rəsmiləri tərəfindən Qazaxıstana təhdidlər səsləndirilib, təzyiq göstərilib. Bütün bunların fonunda Ukraynaya hərbi vasitə, silah satılması o qədər də inandırıcı görünmür”.
Politoloq Qazaxıstanın bu məsələdə risk almayacağını qeyd edib:
“Rusiya, Türkiyə kimi silah, sursat satan ölkələr satış prosesinin hansı şərtlər əsasında həyata keçirildiyinə dair müqavilə təqdim edirlər. Ona görə də Qazaxıstanın riskə gedərək Rusiyanın istehsal etdiyini hərbi texnikanın elə ona qarşı müharibədə istifadə üçün Ukraynaya satacağını düşünmürəm. Qərblə əməkdaşlıq istiqamətində Astanaya müsbət siqnallar verilə bilər. Amma bu hələ hər şey demək deyil”.
Ayşən Mustafa
Globalinfo.az