Deputat yüksək vəzifəlilər haqda hər kəsin ürəyindən keçənləri dedi: “Vicdanları olmalıdır”

Deputat yüksək vəzifəlilər haqda hər kəsin ürəyindən keçənləri dedi: “Vicdanları olmalıdır”

Əmək Məcəlləsinə əsasən, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan vətəndaşlar üçün yaş senzi 65 yaş həddində müəyyən edilib. 65 yaşına çatmış şəxslərin dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Ümumilikdə əlavə müddətin 5 ildən çox uzadılmasına qanunla yol verilmir.

Mətbuatda 65 yaşı tamam olmuş icra başçılarının vəzifədən azad edilməsi barədə xəbərlər yayılıb. Bu nə qədər realdır?

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, 2018-ci ildə Prezident İlham Əliyevin geniş şaxəli islahatlar paketi təqdim etməsinin ardınca müəyyən proseslər baş verdi:

“Bu islahatlar kadr sahəsində də böyük arealı əhatə edir. Həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarında, aşağı və yuxarı vəzifəli şəxslərlə bağlı kifayət qədər işlər görülüb. Layiqli kadrların yerləşdirilməsi, vəzifəsinin öhdəsindən gəlməyən şəxslərin idarəçilikdən uzaqlaşdırılması, cinayətdə əli olanların məsuliyyətə cəlb edilməsi və s.

Deputat yüksək vəzifəlilər haqda hər kəsin ürəyindən keçənləri dedi: “Vicdanları olmalıdır”

Vüqar İskəndərov

Cəmiyyətdə belə bir tendensiya var ki, yaşlı nəslin əvəzinə gənclər vəzifəyə gətirilməlidir. Elə sahələr var ki, orada mütləq gənc nəsil rəhbər vəzifə tutmalıdır. Bu, Azərbaycanda gənclərə verilən önəmin göstəricisidir. Dövlət siyasətinin tərkib hissəsidir. Amma ucdantutma gənclərin vəzifəyə gətirilməsi də doğru yanaşma ola bilməz. Kadrların yaşından çox bacarıq və keyfiyyətlərinə baxılmalıdır. Xaricdə təhsil almaq hansısa vəzifə üçün effektiv olmaya bilər. Bir şəxsin illər uzunu eyni vəzifədə olması da doğru deyil”.

Deputatın fikrincə, dövlət məmuru vicdan meyarına əsaslanmalıdır:

“Həmin şəxs vətənpərvərlik, milli ruh, dövlətçilik hissinə malik olmalı, təvazökar və məsuliyyətli yanaşma sərgiləməlidir ki, vəzifənin öhdəsindən layiqincə gələ bilsin. Bir neçə dil bilmək, uzun illər eyni vəzifədə qalmaq kifayət deyil. Kim etimadı doğruldursa, o da irəli gedəcək. Kadr məsələsi dövlət üçün olduqca vacibdir. Bir çox parametrləri özündə əks etdirir. Nəzəriyyə praktikaya transformasiya olmursa, keyfiyyətdən danışmaq olmaz. Təhsil, təcrübə, insani keyfiyyətlər, xalqın dilini bilmək lazımdır”.

Safura Bənnayeva
Globalinfo.az