Ermənilər Qarabağa qayıtması bir halda mümkündür – Politoloq

Ermənilər Qarabağa qayıtması bir halda mümkündür - Politoloq

Ermənilər Qarabağa qayıtmaq istəyir. Bununla bağlı həm Ermənistanda, həm də Azərbaycanda ciddi müzakirələr gedir. Rəsmi Bakının mövqeyi belədir ki, ermənilər Azərbaycana qayıtsa, Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlılar da tarixi torpaqlarına qayıtmalıdır.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Zeynal Əmrəliyev deyib ki, ermənilər Qarabağa, Azərbaycana qayıtmaq istəyirlərsə, əlbəttə ki, tarixi ədalət bərpa olunmalıdır:

“O zaman Qərbi Azərbaycandan köçə məcbur edilmiş bizim vətəndaşlarımız da öz doğma dədə-baba torpaqlarına dönməlidirlər.

Qarabağ Azərbaycandan ayrı deyil. Ermənilər ha Bakıya qayıtmaq istəyir, ha Xankəndinə, fərqi yoxdur, bizim üçün ikisi də eyni dəyərdədir. Dağlıq Qarabağ adında inzibati vahid yoxdur. Xankəndi birbaşa mərkəzə bağlı bir şəhərdir. Ermənilər bunu bilməlidirlər. Buna görə əgər onlar qayıtmaq istəyəcəklərsə, bu, təkcə Xankəndinə, Xocalıya yox, hər iki tərəfə olmalıdır. Yəni razılaşmada bu, əksini tapmalıdır.

Təbii ki, burda dəqiqləşmə aparılmalıdır. Sonradan köçürülənlər deyil, işğaldan əvvəl həmin ərazidə yaşamış ermənilər qayıda bilərlər. Eyni zamanda bizim soydaşlarımız da tarixi torpaqlarına qayıtmalıdırlar. Bu onların tarixi haqqıdır. Hazırda da bu sahədə mühüm işlər görülür. Qərbi Azərbaycan icması çox peşəkar şəkildə fəaliyyət göstərir. Görürük, icma son zamanlar daha da fəallaşıb, bütün rayonlar, hətta kəndlər üzrə nümayəndəliklər var. Razılaşma olarsa, düşünürəm ki, bu sahədə heç bir problem yaranmaz.

Soydaşlarımız tarixi torpaqlarına qayıda bilərlər. Eyni zamanda qarşı tərəfdən belə bir addım atıla bilər. Bunun əksi ola bilməz. Ermənilərin tək işğaldan azad edilmiş ərazilərə qayıtması qətiyyən yolverilməzdir. Qayıdış olacaqsa dediyim şəkildə olmalıdır”.

Turan Rzayev
Globalinfo.az