Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində atəşkəsi məqsədyönlü şəkildə pozması regionda gərginliyi yenidən alovlandırdı. Xüsusilə prosesin arxasında xarici güclərin olduğu versiyaları səslənir.
Ekspertlərin məsələyə yanaşması isə birmənalı deyil. Ermənistanı təxribata sövq edən qüvvənin Qərb olduğunu deyənlər var. Bəzi ekspertlər insidentin arxasında Rusiyanın dayandığını iddia edir.
Maraqlıdır, bu təxribatın arxasındakı qüvvə hansıdır: Avropa (Fransa), ya Rusiya? Azərbaycan bu situasiyada necə davranmalı? Bu təxribat müharibəyə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, son sərhəd atışması bir daha onu göstərir ki, bölgəmizdə hələ də sülh istəməyən qüvvələr var:
“Ermənistanda revanşist qüvvələr görünür ki, yeni bir savaşın arzusundadırlar. Atəşkəsin pozulması sülh prosesi ilə bağlı irəliləyişə, ümumi etimad mühitinə çox ciddi zərbədir. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan dövlət başçısı çox qətiyyətli liderdir və qarşısına qoyduğu istənilən məqsədə nail olmaq iqtidarındadır.
Şübhəsiz ki, daxillə bərabər xarici qüvvələr də bu təxribata dəstək verir. Qərb dünyası hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Biz son proseslərlə bunun şahidi olduq. Ancaq nəyə görəsə Qərb sülh prosesinə mane olan Ermənistana heç nə demək istəmir. Bu, riyakarlığın, ədalətsizliyin ən böyük nümunəsidir.
Bu təxribatlar davam edərsə təbii ki, Azərbaycan buna çox ciddi cavab verəcək. Cənab prezidentin də dediyi kimi, “dəmir yumruq” yerindədir. Bu hadisə Ermənistan ordusunun tamamilə məhv edilməsi ilə nəticələnə bilər. Ermənistanı idarə edənlər bunu anlamalıdır.
Politoloq deyib ki, baş verənlər sülhyaratma mühitinə, prosesə ciddi zərbə vurur:
“Bu, etimadı zəiflədən amildir. Görünür ki, Paşinyan hökuməti hələ sülh müqaviləsi baglamağa hazır deyil, yada bunu istəmir. Çox təəssüf ki, Paşinyan xarici qüvvələrin oyuncağına çevrildi. Onların qarşısında qətiyyət göstərə bilmədi. Bu regionda sülhə mane olan çox ciddi qüvvələr var. Nə qədər ki, Ermənistanı idarə edənlər həmin qüvvələrin qarşısında belə acizlik göstərib onların əmrlərini yerinə yetirəcək, bölgəyə sülh gəlməyəcək”.
Turan Rzayev
Globalinfo.az