İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin “Azərbaycan gözümüzün nurudur”, “Azərbaycana hücum edən olsa, qarşısında İranı görəcək”, “Hər bir iranlı azərbaycanlıdır”, “İran Azərbaycanı heç vaxt işğal etmək və ya ona nəzarəti ələ keçirmək istəməyib” və s. fikirlərinin əks olunduğu son məqaləsi sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub.
Vilayətinin bu sözlərini “İran Azərbaycan ilə barışır” kimi qəbul edənlər oldu. Bəzi insanlar isə Vilayətinin sözlərini səmimi hesab etməyib.
Ümumiyyətlə Azərbaycanın İsraildə səfirlik açmaq qərarından sonra İranın mövqeyində yumşalmanın olması da diqqət çəkir.
Maraqlıdır, İran Vilayətinin dili ilə Azərbaycanla barışmaq istəyir? Onun sözləri nə dərəcədə səmimidir? Rəsmi Bakının cavabı necə olacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Əli Əkbər Vilayətinin son məqaləsindən belə bir qənaətə gələ bilərik ki, İran vəziyyətin daha da ciddiləşdiyinin fərqindədir:
“Söhbət ondan getmir ki, İran Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Yox. Qətiyyən belə deyil.
Tehran daxildəki etiraz aksiyalarını yumşaltmaq üçün siyasi manevr etməyə çalışır. Lakin bu da Tehranın istədiyi effekti verməyəcək. Proseslər İranın nəzarətindən çoxdan çıxıb. Azərbaycanla münasibətlərin pisləşdirilməsi isə öz növbəsində etiraz aksiyalarına Cənubi Azərbaycanın dəstək verməsi ilə nəticələndi.
Mən ümumilikdə bu məqaləni səmimi hesab etmirəm. Misal üçün, Vilayəti bildirir ki, “Azərbaycan gözümüzün nurudur”, “Azərbaycana hücum olsa, qarşısında İranı görəcək”. Sual yaranır: Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal ediləndə İran harada idi? Ermənistan 27 il Azərbaycan torpaqlarını işğal altında saxlayarkən İran nə üçün buna göz yumdu?
Dostluqdan, qardaşlıqdan danışan bir ölkə Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün Qafanda tez-tələsik konsulluq açmazdı. Və ya cənub sərhədlərimizdə nümayişkaranə Araz çayını keçməyi məşq etməzdi.
Azərbaycanın İsraildə səfirlik açmaq qərarından sonra İranın belə addım atması isə heç bir fayda verməyəcək. İran elə düşünür ki, münasibətlər normallaşacağı təqdirdə Bakı səfirlik qərarından geri addım atacaq. Lakin bunun üçün də artıq gecdir”.
AĞ partiyanın sədri Tural Abbaslının sözlərinə görə isə İranın Ali dini liderinin müşaviri Əli Əkbər Vilayətinin son fikirlərini İranın Azərbaycana qarşı yumşalması kimi qiymətləndirmək olar:
“Ümumiyyətlə iki ölkə arasında münasibətlərin normallaşmasına cəhdlərin edilməsi təqdirəlayiqdir. İki ölkə arasında münasibət hər zaman qonşuluq, dostluq kontekstində olmalıdır.
Ümumiyyətlə, Azərbaycan tərəfi heç vaxt birbaşa İranla konfliktə girməyib və bunda maraqlı da olmayıb. Lakin buna baxmayaraq rəsmi Tehran vaxtaşırı öz maraqları naminə Bakı ilə gərginlik yaradacaq bəyanatlar verməkdən və ya addımlar atmaqdan çəkinməyib. Əlbəttə ki, İran tərəfinin belə addımlar atması öz növbəsində rəsmi Bakıya özünümüdafiə haqqı yaradır.
Nəticə etibarilə Əli Əkbər Vilayətinin bəyanatını iki ölkə arasında gərginliyin azaldılması istiqamətində qiymətləndirmək olar, lakin rəsmi Tehranın bu sözlərdə nə qədər səmimi olub-olmadığını zaman göstərəcək.
Hesab edirəm, İranın səmimiyyətinə inanmaq olmaz. İran Azərbaycanı hər zaman özü üçün təhdid olaraq görüb. Mümkündür ki, bundan sonra da bənzər addımların atılmasının şahidi olacağıq.
Rəsmi Bakı indiki məqamda İranın agentura şəbəkəsini ifşa etməli, sıradan çıxartmalıdır. O ki qaldı məlum açıqlamanın Azərbaycanın İsraildə səfirlik açmaq qərarından sonra verilməsinə, deyə bilərəm ki, Bakının hansı ölkədə səfirlik açmasının İrana heç bir aidiyyəti yoxdur. Səfirliklərin açılması ölkələrin öz işidir. Heç bir ölkə digər ölkəyə bununla bağlı irad bildirə bilməz”
Turan Rzayev