Ötən gün Qətərdə start götürən sayca 22-ci Dünya Çempionatına (DÇ) ölkəmizdə də maraq böyükdür. Cəmi bir gündür başlamasına baxmayaraq, mundialla bağlı sosial şəbəkələrdə aktiv müzakirələr gedir. Azərbaycanın tanınmış simaları da DÇ ilə bağlı xatirələrini paylaşıblar.
Globalinfo.az sözügedən paylaşımları təqdim edir:
Mətbuat Şurasının sədri Rəşad Məcid: “İlk dəfə futbol üzrə Dünya Çempionatını 1974-cü ildə izlədiyim, finalda Hollandiyanın Almaniyaya uduzmağına məyus olmağım yadıma gəlir”.
Təhsil eksperti Kamran Əsədov: “İlk dəfə 1998-ci ildə keçirilən DÇ-ni izləmişəm. Braziliya finalda məğlub oldu. Çox pis təsir etmişdi”.
Millət vəkili Etibar Əliyev: “Mən 1986-cı ilin təəssüratındayam. Maradona 3 ötürmə etdi, 3-ü də qol oldu və argentinalılar almanları məğlub etdilər”.
Əməkdar jurnalist Aydın Bağırov: “Ən yaddaqalan, tarixi görüntülərdən biri: finalda (2006) Zidan Materatsiyə kəllə vurur, qırmızı alır, Fransa isə İtaliyaya uduzur. Sonralar bu hadisənin şərəfinə heykəl də ucaldılır”.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı: “1986-cı ilin çempionatını xatırlayıram. “Sovetskiy” sport qəzetindən şəkilləri kəsib maraqlı bir albom da hazırlamışdım. SSRİ Belçikaya 3-4 hesabı ilə uduzduğu oyunun epizodlarını sonralar yuxumda da görürdüm. 9 çempionat izləmişəm, ən çox yadımda qalanları 1986 və 2002-ci illərin oyunlarıdır”.
Zaira Akifqızı
Globalinfo.az














