People 4th anniversary of Gen Soleimani

İranın Yaxın Şərqdəki əsas adamının ölüm ildönümündə baş verən terror Tehranı qanlı olayların içinə çəkməyə hesablanıb?

Son məlumata görə, Kirmanda baş verən terror aktı zamanı ölənlərin sayı 103 nəfərə çatıb, 211 nəfər isə yaralanıb. İran hökuməti yanvarın 4-də ölkə ərazisində matəm elan edib.

Bu hadisə miqyasına və qurbanlarının sayına görə, İran tarixində ən qanlı terror aktlarından biri hesab olunur. Hadisə Kirman şəhərində general Qasim Süleymaninin məzarına gedən yolda baş verib. 13 dəqiqə ara ilə baş verən partlayış onlarla insanın ölümünə səbəb olub.
Xatırladaq ki, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandiri, İranın Yaxın Şərq əməliyyatlarının əsas müəllifi general Qasim Süleymani 2020-ci il yanvarın 3-də Bağdad hava limanında ABŞ ordusu tərəfindən öldürülüb. Süleymani İranın şərqində yerləşən Kirman şəhərindən olduğu üçün onun məzarı bu şəhərdə yerləşir.

82613014 2869355503114784 3599608667688665088 n

General Qasim Süleymani

Hələlik hadisənin məsuliyyətini heç bir qrup üzərinə götürməsə də, son illərdə İranda baş verən terror aktlarına baxsaq əsas şübhəli iki qruplaşma – İŞİD və “Xalqın Mücahidləri” ola bilər. İslam İnqilabı ilə ideoloji düşmənçiliyi olan “Xalqın Mücahidləri” İslam Respublikası mövcud olduğu illərdə ona qarşı terror və silahlı hücumlar törədib. İŞİD isə son illərdə İranda bir çox terror aktlarına imza atıb. Ən son olaraq İŞİD 2022-ci ildə Şiraz şəhərində yerləşən Şahçıraq ziyarətgahında terror aktı törədib.

Təbii ki, əsas diqqət həm də İranın Yaxın Şərqdəki fəaliyyətlərinə yönəlir. Məlum olduğu kimi, Tehran hərbi-siyasi proseslərin əsas iştirakçılarından biri, xüsusən də 7 oktyabrdan sonra meydanda olan HƏMAS və “Hizbulah”ın, o cümlədən, Suriya və İraqda ABŞ bazalarına hücum edən qrupların və Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar həyata keçirən husilərin arxasındakı əsas gücdür. Bu mənada İranda baş verən terror ilk olaraq İranın regional rəqiblərini göz önünə gətirir.

Əlbəttə, bu heç də o demək deyil ki, terroru məhz İranın regional rəqibləri həyata keçirib və ya sifariş verib. Ancaq bir şey dəqiqdir ki, hətta rəqibləri həyata keçirməsə belə, terroru həyata keçirənlər bu faktı nəzərə alıblar.

Yeri gəlmişkən, iki gün əvvəl HƏMAS-ın aparıcı liderlərindən olan Saleh Aruri Livanın paytaxtı Beyrutda sui-qəsd nəticəsində öldürülüb. Bu hadisədə əsas şübhəli İsrail olsa da, rəsmi Təl-Əviv hadisənin məsuliyyətini üzərinə götürməyib. Lakin faktdır ki, Arurinin məhz “Hizbullah”ın nəzarətində olan Beyrutda sui-qəsd nəticəsində öldürülməsi İran və müttəfiqlərinə mesajdır. Çünki bundan əvvəl İsrailin HƏMAS liderlərinə qarşı sui-qəsd törədəcəyi ilə bağlı xəbərlər yayılmış, bir neçə, o cümlədən, Türkiyə İsrailə xəbərdarlıq edərək HƏMAS liderlərinə öz ərazisində sui-qəsd cəhdinə qarşı sərt cavab veriləcəyini bildirib. Ancaq bu hadisə kimin törətməsindən asılı olmayaraq İsrailin hələ güclü olduğu mesajını verməklə yanaşı, həm də Livanı və “Hizbulah”ı İsraillə müharibəyə sövq etməyə hesablanıb. Çünki “Hizbullah” “ev sahibi” kimi İsrailə bu sui-qəsdə görə cavab verməlidir, ötən gündən bu yana region ölkələrində gedən təbliğat məhz “Hizbullah”ın İsrailə sərt cavab verəcəyi ilə bağlıdır.

Maraqlıdır ki, eyni “əl işi” bu gün Kirman terrorunda hiss olunur. Terrorun sifarişçiləri məhz Süleymaninin ölüm günü və anım mərasimini seçməsi təsadüfi deyil. Məlum olduğu kimi, general Q.Süleymani İranın Yaxın Şərqdəki Proxy əməliyyatlarını idarə edib və əsas siması olub. Onun ölüm əmrini isə ABŞ prezidenti verib. İndi isə onun anım günündə qanlı terror aktı baş verir, onlarla insan ölür və yaralanır. Başqa sözlə, bu terror aktı Tehranı Yaxın Şərqin qaynar olayları içərisinə çəkməyə hesablanmış incə, amma qanlı bir gediş hesab oluna bilər.

Kənan Rövşənoğlu
Xüsusi olaraq Globalinfo.az üçün

Paylaş: