FotoJet 2023 12 29T112748.377 1

Çinin cənub-qərbində yerli sakinlər Buddanın 1400 illik heykəlini al-əlvan rənglərlə boyayaraq, onu zədələyiblər.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, heykəlin onların istəklərini yerinə yetirdiyini düşünən sakinlər bu əməli təşəkkür məqsədilə ediblər.

Sıçuan əyalətinin Nantsyan dairəsində yerləşən Budda heykəli Şimali Vey dövrünün sonunda (386-534) yaradılıb və buddist mədəniyyəti və incəsənəti ilə bağlı tədqiqatlar sahəsində böyük dəyərə malikdir. Bu, Sıçuan əyalətində daşdan oyulmuş yeganə heykəllərdir.

Yerli mədəni qalıqların mühafizəsi bürosunun rəsmisi bildirib ki, artefakt 2021-ci ildə aşkar edilib və hələ də irsin qorunması siyahısına daxil edilməyib. O qeyd edib ki, heykələ zərər vuran kənd sakinlərinin yaşı 70-80 arasında olub.

“Yəqin ki, onları cəzalandırmaq olmaz. Onları yalnız maarifləndirmək lazımdır”, – deyə o əlavə edib.

Hadisə yerinə baxış keçirmək üçün dəvət olunmuş mütəxəssislər heykəlin akril boyalarla rəngləndiyini və bərpa oluna biləcəyini bildiriblər.

Xatırladaq ki, bu, Çində ilk belə hadisə deyil. 2018-ci ilin avqustunda Sıçuan əyalətindəki Fenqmen məbədindəki Budda heykəlləri yağlı boya ilə örtülmüş və sementlə təmir edilmişdi.

Paylaş: