ABŞ Müdafiə Nazirliyi dekabrın 23-də Qırmızı dənizdə Hindistan və Norveç bayraqları olan neft tankerinin vurulmasında İranı günahlandırıb. Rəsmi Tehran isə Vaşinqtonun iddialarını əsassız adlandırıb və ittihamları rədd edib.
Hadisənin Qəzzada döyüşlərin davam etdiyi zaman, Pentaqonun Qırmızı dənizdə Yəmən husilərinə qarşı həyata keçirdiyi çoxmillətli əməliyyatların fonunda baş verməsi diqqət çəkib. Bu məsələ İranın şəxsən maliyyələşdirdiyi iddia edilən husilərə dəstəyi kimi qiymətləndirilib.
Yaxın Şərqdə quru və dəniz döyüşlərinin miqyası böyüyür? Proseslərin hazırkı gedişatı nələr vəd edir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Qırmızı dənizdə planlanan əməliyyatın əsas məqsədi başqadır:
“Husilərin xarici ölkələrin gəmilərinə, neft tankerlərinə hücumları fonunda fərqli bir mənzərə formalaşdırmağa çalışılır. Elə təəssürat yaratmaq istəyirlər ki, guya HƏMAS-İsrail müharibəsinin miqyası genişlənib. Bu, həm də HƏMAS-ı İsrailin hücumlarından yayındırmaq üçün bir cəhd, bir növ manevrdir. Husilər oktyabrın 7-dən, yəni müharibənin ilk zamanlarından bu günə kimi davamlı olaraq HƏMAS-ı dəstəklədiklərini və İsrailə müharibə elan etdiklərini açıqlayıblar. Bu baxımdan husilərə qarşı əməliyyat regionda müharibənin genişləndirilməsi deyil, İran yönümlü qüvvələrin sıxışdırılması istiqamətində fəaliyyətdir. Habelə sözügedən əməliyyatlar bu qüvvələrin HƏMAS-İsrail mübarizəsi fonunda fəallaşdığını göstərir”.
S.Soltan HƏMAS-dan sonra növbəti əsas hədəfin məhz husilər ola biləcəyini deyib:
“Onsuz da Yəməndə hakimiyyət bəlli deyil, qarışıqlıqdır. Yəni baş verənlər bu ölkədə nəyinsə dəyişəcəyini söyləməyə əsas vermir. Livanın “Hizbullah” hərəkatı da zaman-zaman İsrailə hücumlar həyata keçirərək yayındırıcı manevrlər edir. Bunun nəticəsində isə HƏMAS-a təzyiqlərin azalmasını hədəfləyirlər. Əslində müharibənin quru və dənizdə miqyasının böyüdüyünü demək üçün elə də əsas yoxdur. Baş verənlər nəticəsində HƏMAS-dan sonra husilərə qarşı da ciddi şəkildə tədbirlər görüləcəyini deyə bilərik.
Yəməndə husi hərbi bazaları var. Bu qruplaşmanın dənizdə quldurluğuna qarşı mübarizənin genişlənəcəyi və daha sərt aparılacağı gözləniləndir. Çünki Qırmızı dənizdə ABŞ-ın başçılığı ilə artıq koalisiya yaradılıb. Bu da region ölkələrinin gəmilərinin, neft tankerlərin təhlükəsizliyinə, husilərdən müdafiəsinə xidmət edəcək. Ayrı-ayrı gəmilərə hücumlar husilərə və İranın regiondakı nüfuzuna mənfi təsir göstərən addımlardır”.
Qeyd edək ki, husilərin Qırmızı dənizdə müxtəlif ölkələrin ticarət gəmilərinə ardıcıl hücumlarından sonra ABŞ çoxmillətli əməliyyatların keçiriləcəyini açıqlayıb. Məlumata görə, Vaşinqtonun bu istiqamətdə yaratdığı koalisiyaya 20-dən çox ölkə qoşulub.
Ayşən Mustafa
Globalinfo.az
