Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin qarşılıqlı şəkildə azad edilməsi və qaytarılması ilə bağlı razılaşmadan 6 gün keçib, lakin prosesin harada və nə zaman baş tutacağı açıqlanmayıb.
Ötən gün Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Ermənistanda əsir saxlanılan iki hərbçimizin qaytarılmasının təmin olunacağını bildirib. Bununla yanaşı, Ermənistan tərəfi əsir dəyişikliyinin iki ölkə sərhədində baş tuta biləcəyini açıqlayıb. Lakin İrəvana qaytarılması nəzərdə tutulan 32 erməninin artıq bir neçəsinin göndərildiyi iddia edilir.
Bəs azərbaycanlı əsirlərlə bağlı əlavə məlumat varmı?
Ermənistanda əsir saxlanılan Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Globalinfo.az-a açıqlamasında rəsmi xəbər yayıldığı gündən etibarən əlavə məlumat verilmədiyini deyib:
“Hara müraciət ediriksə, məsələ ilə bağlı rəsmi informasiyanın olmadığını deyirlər. Biz anaları olaraq 8 aydır səbir edir, gözləyirik. Qayıdacaqlarına inanırıq, lakin dəqiq xəbər ala bilməmişik. Doğrudur, sevincimizin həddi-hüdudu yoxdur. Bəzi məlumatlar alırıq, biri deyir, ikisi də Azərbaycandadır, biri də deyir, hələ Ermənistandadırlar. Bircə son olaraq Baş Prokurorun onların qaytarılacağı ilə bağlı açıqlamasını oxuduq”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə bəyanatına əsasən, iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Ayşən Mustafa
Globalinfo.az