ABŞ səfirinin sirli odası: Libbinin videomüraciətindəki mesajlar

ABŞ səfirinin sirli odası: Libbinin videomüraciətindəki mesajlar

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbinin Azərbaycan dilində video-müraciəti yayılıb. Yeni səfirin müraciəti, habelə olduğu otaqdakı əşyalar bir çox baxımdan diqqət çəkir.

İlk diqqətçəkən məqam heç şübhəsiz masa üzərindəki kitablardır. Natalie Danfordun müəllifi olduğu “America: An Amazing Place” adlı kitabda ABŞ-ın müxtəlif ştatlarındakı təbiət mənzərələri, simvolik tikililər, habelə milli parklar yer alıb. Bundan başqa, həmin məkanlar haqda ətraflı məlumatın qeyd olunduğu kitabın səfirin müraciətində yer alması diqqət çəkir.

Aydın məsələdir ki, siyasətçilərin, diplomatların, habelə dövlət başçılarının müraciətlərində bu kimi kitablar xüsusi məna ehtiva edir. Bəzən reklam xarakterli olsa da bir çox hallarda siyasi mesaj daşıyır.

İkinci diqqətçəkən məqam isə soldakı ELCA imzalı tablodur. Tablonun çox kiçik bir hissəsi müraciətdə görünsə də ELCA yazısı diqqət çəkir. ELCA Amerikadakı Yevangelist Lüteran kilsəsinin təriqətidir. Özü də bu kilsə ABŞ-dakı ən böyük xristian təriqətlərindən biridir. 50 ştatda və Karib dənizi regionunda 8900-dən çox ibadət edən icmada 3,3 milyona yaxın üzvü var.

Maraqlıdır ki, səfir M.Libbi müraciətində ABŞ-ın şimal-şərq ştatı olan Yeni İngiltərədən olduğunu qeyd edir. Bu ştat İngiltərənin ilk koloniyalardındandır və ABŞ-dakı ən böyük Yevangelist Lüteran kilsə icması məhz burada fəaliyyət göstərir.

Səfirin müraciətində heç şübhəsiz ən diqqətçəkən məqam onun xahişi ilə bağlıdır. Belə ki, səfir çıxışında bildirib: “Mən artıq dadlı Azərbaycan plovunu və dolmasını dadmışam. Xahiş edirəm, başqa dadlı Azərbaycan yeməklərini mənə məsləhət görün”.

Azərbaycana təyin olunmuş səfir Mark Libbinin salamlama mesajının bu hissəsi şifrəli mesaja bənzəyir. Azərbaycan yeməkləri deyərək sanki ABŞ-ın burdakı təsir agentlərinə mesaj verir.

Bütün hallarda Azərbaycan ilə ABŞ arasında münasibətlər yenicə normallaşır və bu da səfirin ilk mesajıdır. Səfirin həqiqətən yeməklərimiz, yoxsa başqa amillər maraqlandırır – bunu zaman göstərəcək.

Turan Rzayev
Globalinfo.az