“17 noyabr həm Azərbaycan, həm də dünya tarixi üçün önəmli günlərdən biridir”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında AĞ partiyanın sədri Tural Abbaslı Milli Dirçəliş Günü ilə bağlı danışarkən deyib.
T.Abbaslı bildirib ki, həmin dönəmdə dünyada müsbətə doğru dəyişiklik yeli əsirdi:
“O zaman canlanma və hərəkətlilik var idi. Azərbaycan xalqı da bu tarixi prosesdə ön sıralarda yer alıb, böyük xalq olduğunu bütün dünyaya sübut etdi. Ümumiyyətlə, 80-ci illərin sonunda ölkəmizdə cərəyan edən hadisələr, xalqın istiqlaliyyət arzusu nəticəsində Sovet İttifaqı parçalandı. O zaman dünya insanının gələcəyə inamı var idi. Hesab edirəm ki, dünyada gedən müharibələr və başqa proseslər insanlarda gələcəyə inamı azaldıb. Hətta hansısa Avropa ölkəsində sorğu keçirsəniz, əminəm ki, əksəriyyət bədbin notlar üzərində çıxış edəcək.
Dünyanın hansı nöqtəyə gəlməsindən asılı olmayaraq, bu danılmaz faktdır: 17 Noyabr – Milli Dirçəliş Günü tariximizin ən şanlı səhifələrindən biridir. Onu da qeyd edim ki, SSRİ-nin süqutunun səbəbini araşdıran tədqiqatçıların çoxu bu məsələdə Azərbaycanda başlayan azadlıq hərəkatının həlledici rol oynadığını vurğulayırlar”.
Zaira Akifqızı
Globalinfo.az














