Azərbaycanın beynəlxalq nüfuzu artır

Azərbaycanın beynəlxalq nüfuzu artır

2023-cü ilin son ayındayıq. Təbii ki, yeni hədəflərin müəyyənləşdirilməsi ötən dövrə nəzər salmağı bir zərurətə çevirir.

Globalinfo.az-ın xəbərinə görə, İnkişafa Doğru İnteqrasiya İctimai Birliyi car il ilə bağlı açıqlamasında onu da qeyd edib ki, uğurlarımızın əsasında birliyimiz dayanır. Ölkəmizdə xalq-iqtidar birliyinin sarsılmazlığı uğurlarımızı şərtləndirən mühüm amildir. Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial siyastlə tamamlanır ki, bu da  vətəndaş məmnunluğunun artırılmasında başlıca faktordur. 2023-cü ilin dövlət büdcəsi müstəqillik tariximizin  irihəcmli büdcəsi kimi dəyərləndirildi. Bununla yanaşı, 2023-cü ilin büdcəsinə yenidən baxılaraq əlavələr edildi. Bu, ölkəmizin iqtisadi imkanlarının göstəricisidir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi qüdrətinin təqdimatında əhəmiyyətli rol oynayır. 2024-cü ildə bu işlərin miqyasının daha da genişləndiriləcəyi, soydaşlarımızın qayıdış ünvanlarının sayının artacağı şəksizdir.

O da bildirilib ki, 2023-cü il ölkəmizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin daha da möhkəmlənməsi ilə yadda qalacaq. Türk dünyasının birliyinə yönələn addımlar davamlılığı ilə diqqətdə oldu. Qarşılıqlı səfərlər münasibətləri daha da möhkəmləndirdi. Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdi. Həmçinin ölkəmizin beynəlxalq nüfuzunun artması müxtəlif beynəlxalq tədbirlərə fəxri qonaq qismində dəvətində də özünün aydın ifadəsini tapdı. 2023-cü ilin uğurları   2024-cü ilə daha böyük planlarla qədəm qoymağa əsas verir.