Başlıqda “gəldi və…” kəlməsindən sonra “yalan danışdı və getdi” demək istədim. Amma düşündüm ki, bəsdir bu xanımın üzərinə düşdük. Bir səhv idi, elədi. Kim səhv etmir ki?
Demək istədiyim başqadır.
Almaniyanın xarici işlər naziri heç özü də Azərbaycanda qəbul ediləcəyini düşünmürdü. Hesab edirdi ki, Fransadan olan həmkarı Ketrin Kalonna kimi onu Azərbaycanda görmək istəməyəcəklər. Çünki təsir altına düşüb, Azərbaycan haqqında böhtan deyənlərə qoşulmuşdu, onların səsinə səs vermişdi. Amma ədalət naminə demək lazımdır ki, o, fransalı həmkarı qədər ədalətsiz deyilmiş, yəni Kalonnaya çatmayıb hələ. Düşünürəm ki, Azərbaycanda keçirdiyi görüşlər onu geri qaytaracaq. Ketrin Kalonna Azərbaycana qarşə yaratdığı “xor” dərnəyinə başqa solistlər axtarmalı olacaq.
Nə isə..
Annalena Berbokun Azərbaycana səfərini müsbət hadisə kimi qiymətləndirilməliyik. Məhz ona görə ki, biz bütün dövlətlərlə açıq və şəffaf siyasət yeritməyin tərəfdarıyıq. Bu günə qədər və bundan sonra da həyata keçirəcəyimiz siyasət məhz Azərbaycan xalqının mənafeyi naminə və beynəlxalq hüquq normalarını gözləmək şərti ilə həyata keçiriləcək. Amma bu siyasəti tərsinə oxuyan və bizə qarşı böhtanlar yağdıran Fransanın xarici işlər naziri Ketrin Kalonna kimilər sadəcə yeritdiyimiz siyasətdə özləri üçün təhlükə görənlərdir. Onlar öz mənafelərini dünya ictimaiyyətinin mənafeyi kimi qələmə verir və həris siyasətləri üzündən bütün dünyanı üzərimizə qaldırırlar.
Bu baxımdan Berboka bəzi həqiqətləri izah etməyə çalışdıq, onu və hökumətini narahat edən məsələlərə aydınlıq gətirdik. Ermənistana hücum etmək fikrindən uzaq olduğumuzu dedik. Bizim öz torpaqlarımız özümüzə bəsdir.
Amma Berbok da başa düşməlidir ki, Ketrin Kalonnadan ona yaxşı yoldaş olmaz. Makron və Kalonna Fransanı uçuruma aparır, Ermənistanı da öz arxaları ilə sürüyürlər. Almaniya Fransadan nə qədər uzaq olsa, bir o qədər yaxşıdır. Qışda qazla bağlı ciddi problemi olmayacaq.
Berbok Azərbaycanda deyilənlərə qulaq asacaqmı? Bilmirəm. Bizdən demək idi.
Əlimusa İbrahimov
Politoloq














