“Ermənistanın Baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci ildə imzalanan bəyanatın 9-cu maddəsini inkar edir, ondan imtina edir. Bunun birdən çox səbəbi var”.
Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov Ermənistan Baş naziri Nikol Paşinyanın 10 noyabr bəyanatının 9-cu maddəsindən imtina etməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyan Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir:
“Bunu da ölkəsinin rəsmi Moskva ilə olan münasibətlərinə son qoymaqla başlayır. Aydın məsələdir ki, o, bunu təkbaşına və öz iradəsi ilə etmir.
İlyas Hüseynov
Daha dəqiq desək Qərbdən aldığı konkret təlimatları icra edir. Məsələ ondadır ki, 10 noyabr bəyanatının 9-cu bəndində qeyd olunub ki, nəqliyyat və kommunikasiyalara Rusiya sərhədçiləri nəzarət edəcək. Əlbəttə bu vəziyyət Qərbin maraqlarına uyğun deyil. Çünki qeyd edilən kommunikasiyalar başlıca ticarət yolu üzərindədir. Rusiyanın belə bir əraziyə nəzarət etməsi Qərbin planlarını alt-üst edir. Buna görə də Rusiyanı regiondan çıxartmaq üçün Ermənistandan istifadə edir.
Lakin bu göründüyündən də təhlükəli bir siyasi oyundur. Məsələ ondadır ki, Rusiya Qərbin Ermənistanla münasibətləri pozmasına göz yummaq istəmir. Hazırda 102-ci hərbi bazada aktivlik müşahidə edilir. Bundan başqa Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Bu reallıqlar fonunda Kremlin hərəkətə keçib Paşinyanı devirməsi mümkündür. Yəni Paşinyanın iqtidarı hazırda təhlükə altındadır”.
Turan Rzayev
Globalinfo.az