hemas 2

“HƏMAS səbəb yox, nəticədir. Yəni İsrail ikidövlətli həll prosesini qəbul etsəydi, HƏMAS da olmayacaqdı. Amma çox təəssüf ki, İsrailin hökumətləri nəinki ikidövlətli həll yoluna razılaşdılar, ümumiyyətlə Yaxın Şərqdə böyük bir əraziyə “Vəd edimiş torpaqlar” inancı üzərindən iddia etməyə başladılar. Nəticədə HƏMAS və s. kimi müqavimət təşkilatları meydana çıxdı”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O, əlavə edib ki, HƏMAS İsrail və bəzi müttəfiq ölkələr tərəfindən terror təşkilatı elan edilib:

“Amma Türkiyə daxil olmaqla əksər ölkələr HƏMAS-ı terror təşkilatı kimi tanımırlar və bu təşkilatın siyasi qanadının nümayəndələrinin bəzi ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir. Bu yaxınlarda təşkilat təmsilçilərinin Rusiyada görüşlər keçirməsi əslində Türkiyə ilə yanaşı, Yaxın Şərqdə geosiyasi cəbhələşmədə yer alan Rusiyanın da bu təşkilatdan İsrail üzərindən ABŞ-a qarşı istifadə edəcəyi anlamına gəlir”.

Ağsaqqallar – TAİB üzvü, tanınmış jurnalist Əli Zülfüqaroğlu: “Fəlakətdən yararlanmaq cəhdləri: şeytanla dostluq və hədəfə qoyulan dövlət”

Əli Zülfüqaroğlu

Ə. Zülfüqaroğlu, həmçinin bildirib ki, HƏMAS prosesi yaradan güc deyil:

“HƏMAS-ın ideologiyası İsraili yox etməkdən ibarətdir və bu qruplaşmada yer alanlar öz yaxınlarını İsrail hücumları nəticəsində itiriblər. Ona görə də HƏMAS-ı manipulyasiya etmək böyük dövlətlər üçün çətin deyil. Düşünürəm ki, burada əsas rolu ABŞ oynayır. Əsas məqsəd Qəzzada əməliyyatların aparılması yox, Suriyada Türkiyə və Rusiyanın planlarını neytrallaşdırmaqdan ibarətdir. Bunun üçün də “İsraili qorumaq” adı altında bölgəyə əlavə qüvvələr cəlb edilməsini legitimləşdirməkdir. Həmçinin Netanyahunu siyasi səhnədən silməkdir. Çünki Netanyahu ABŞ-ın planlarına mane olur. HƏMAS-ın hücumlarına dəhşətli reaksiya verilməsi ilə dünya ictimaiyyətinin təpkisini təkcə İsrailə deyil, ABŞ-a qarşı da yönəldir. Bu da ABŞ-ın “İsraili daha böyük təhlükələrdən qorumaq” üçün xüsusilə Suriyaya yeni hərbi qüvvələrin yerləşdirilməsini legitimləşdirməyə mane olur.

Ümumiyyətlə bu məsələlərdə Türkiyənin ikidövlətli həll mövqeyi problemin kökündən həll olması deməkdir. Təbii ki, sionizm ideologiyası bunu qətiyyətlə inkar edir. Azərbaycanın da mövqeyi beynəlxalq hüququn tələblərinə tam cavab verir, yəni Türkiyənin mövqeyi ilə eynilik təşkil edir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: