HƏMAS-ın İsrailə hücumundan sonra Qəzzaya zərbələr endirən Təl-Əviv quru əməliyyatlarına hazırlaşır.
Əməliyyatların anonsu verilsə də, başlanması ilə bağlı rəsmi məlumat yoxdur. Bu isə öz növbəsində bir sualı aktual edir: İsrail ordusunun Qəzza zolağına quru hücumu niyə ləngiyir?
Qəzza əməliyyatının üç mərhələsi
Prinsip etibarilə İsrail silahlı qüvvələri Qəzza zolağında quru əməliyyatlarına başlayıb. Yəni hansısa bir gecikmə yoxdur. Sadəcə, əməliyyatlar üçmərhələli döyüş strategiyası əsasında baş tutur.
Birincisi, İsrail ordusu ilk mərhələdə Hərbi Hava Qüvvələrinin imkanlarından istifadə edərək HƏMAS döyüşçülərini məhv etmək, infrastrukturunu dağıtmağı hədəf seçib.
Ordu bu prosesə artıq başlayıb. Qəzza zolağı PUA və raket zərbələri ilə intesiv atəşə tutulur. Bunu ona görə edirlər ki, ikinci mərhələdə itkilərin sayı minimum olsun.
İkincisi, İsrail ordusu növbəti mərhələdə müqavimət ocaqlarını ləğv etmək üçün daha aşağı intensivlikdə döyüşlər keçirməyi hədəfləyir. Söhbət xüsusi təlim keçmiş elit qruplarla Qəzza və ətraf qəsəbələrdə, yaşayış məskənlərində antiterror əməliyyatlarının keçirilməsindən gedir. Əslində, klassik quru əməliyyatları ən real formada bu mərhələdə başlayacaq.
Üçüncüsü, İsrail ordusunun keçirəcəyi quru əməliyyatlarının sonuncu mərhələsi isə Qəzza zolağında yeni təhlükəsizlik rejiminin yaradılmasıdır.
Bu mərhələ kifayət qədər diqqət çəkir. Çünki İsrail quru əməliyyatlarının yekunu olaraq Qəzzanı ilhaq etmək yox, təhlükəsizlik rejimi yaratmaq istəyir. Bu isə öz növbəsində əməliyyatların antiterror xarakterli olduğunu göstərir.
İsrail müdafiə naziri Yoav Qallant əməliyyatların üç ay davam edəcəyini bildirib. Bu, əməliyyatların miqyasının böyüklüyündən və dəqiqliyindən xəbər verir.
Bundan başqa, İsrail ordusu şimaldan gələ biləcək Hizbullahın hücumlarına qarşı da müdafiə xətti qurur. Çünki son günlər Hizbullahın hücumları intensivləşib. Quru əməliyyatlarının uğurlu olması fonunda İsrail ordusunun Hizbullaha qarşı da əməliyyatlar başlaması və ya cavab zərbələrini sərtləşdirməsi mümkündür.
Gizli sövdələşmə
İsrailin Qəzzada keçirdiyi quru əməliyyatları ilə bağlı diqqətçəkən digər bir məqam da bunda Fələstinin maraqlı olmasıdır. Məsələ ondadır ki, Fələstin Azadlıq Təşkilatı və Fələstin lideri Mahmud Abbas HƏMAS qruplaşmasının fəaliyyət və siyasi xəttini xalqın təmsilçisi olaraq görmür. Ümumiyyətlə, Fələstin Azadlıq Təşkilatı və HƏMAS-ın bir-birinə münasibəti heç vaxt yaxşı olmayıb.
Təsadüfi deyil ki, İsrailin Qəzzaya vurduğu zərbələr və başlamağa hazırlaşdığı quru əməliyyatlara Mahmud Abbas elə də ciddi reaksiya vermədi. Ən əsası Fələstin qüvvələri nə HƏMAS-ın İsrailə hücumuna dəstək verdi, nə də Qəzzaya endirilən zərbələrə görə addımlar atdı.
Mahmud Abbas və Fələstin Azadlıq Təşkilatı indiki məqamda İsrailin HƏMAS-ı məhv etməsini istəyir, hətta bu istiqamətdə bir sıra kəşfiyyat məlumatlarını MOSSAD-la bölüşüb. Fələstinin burada qazancı əməliyyatlardan sonra Qəzzaya nəzarətin ona keçməsidir. Mümkündür ki, Qəzza Fələstin-İsrail ortaq idarəsinə keçə bilər.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı