Xəbər verdiyimiz kimi, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan yeni 150 km uzunluğa malik yolun 129 km-lik hissəsi ödənişli olacaq. Bəs dünya təcrübəsində bu cür yollar necə tənzimlənir?
Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Rövşən Həsənov deyib ki, həmin yolun alternativ olaraq pulsuz olanı da var.
O bildirib ki, hər yerdə olduğu kimi, bizdə də seçim sürücülərin öhdəliyinə buraxılır:
“Ödənişli yolun fərqi ondadır ki, bu yol 13 ya 16 km daha qısadır. Eşitdiyim qədərilə çox rahat yoldur. Amma pulsuz getmək istəyənlər təbii ki, köhnə yolla rahat şəkildə hərəkət edə biləcəklər. Kimsə onları ödənişli yoldan istifadə etməyə məcbur etmir”.
Rövşən Həsənov
R.Həsənov ödənişli yolda radarın olmaması məsələsinə də toxunub:
“Adətən ilk növbədə zolaq üzrə sürət həddi müəyyən edilir. Yüksək sürətin qarşısının alınması üçün yəqin ki, yaxın gələcəkdə həmin yola radarlar quraşdırılacaq. Çünki radarın olması vacibdir. Hazırda faktiki olaraq orada radarın olmaması təhlükəlidir. Yolda radar olmadıqda, qəzaların sayı daha da çox olacaq”.
Zaira Akifqızı
Globalinfo.az














