israel palestine flags001

İsrail ordusunun yaxın günlərdə Qəzza zolağında quru əməliyyatlarına başlayacağı və bunun illərlə davam edəcəyi elan edilib. Həmçinin ölkə daxilində uzunmüddətli müharibəyə hazırlıq görüldüyü bildirilir.

ABŞ və bir sıra Avropa ölkələri İsrailə maddi yardım edəcəklərini açıqlayıblar. Əksər beynəlxalq təşkilatlar da İsrailin HƏMAS-ın tamamilə ləğv etmək hədəfini dəstəklədiklərini bəyan ediblər.

Bəs HƏMAS və İsrail arasında savaş hara qədər davam edəcək? Ukrayna-Rusiya müharibəsi kimi uzana bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, HƏMAS-İsrail savaşı hələ bir müddət davam edəcək:

“Bu daha çox HƏMAS silahlı qruplaşmasının zərərsizləşdirilməsi və bölgədən sıxışdırılmasına kimi çəkəcək. Sözügedən qruplaşma Fələstini və hakimiyyəti ikiyə bölüb. Ölkədə vahid hakimiyyətin təmin olunması baxımından bu çox vacibdir. Heç bir qruplaşma dövlət orqanı qarşısında hesabat vermədiyi üçün tapşırıqları xaricdən alır, yaxud fəaliyyətini onlara uyğunlaşdırır. Məsələn, İranla, yaxud Livandakı “Hizbullah”, Yəməndəki “Husi”, Suriyada Bəşər Əsəd hakimiyyəti və s. bunlar əlaqəli şəkildə fəaliyyətlərini davam etdirirlər, HƏMAS-a yardım olunur. Odur ki, bu qruplaşmanın Qəzza zolağından çıxarılması təkcə Fələstində təkhakimiyyətliliyin bərpası deyil, həm də İsrailə təzyiq göstərən qüvvələrdən birinin sıradan çıxarılması deməkdir”.

“HƏMAS-İsrail münaqişəsinin Rusiya-Ukrayna müharibəsi kimi uzun davam etməsi ehtimalı azdır. Amma Fələstin-İsrail məsələsinin tezliklə həll ediləcəyi gözlənilmir. Lakin HƏMAS-İsrail münaqişənin uzun müddət sürəcəyini düşünmürəm”, – ekspert bildirib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: