ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqdə planlaşdırılan görüşlərin təxirə salınması fonunda İsrailə səfər edib. Məlumata görə, hücumdan bir qədər sonra İordaniya kralı Abdulla Co Baydenin Misir və Fələstin liderləri ilə görüşəcəyi sammiti təxirə salıb və nəticədə ciddi böhran yaranıb.
Bayden İsraildə çıxış edərək Qəzzada xəstəxanaya hücumu HƏMAS-ın həyata keçirdiyini, İsrailə dəstəyin davam etdiriləcəyini bildirib.
Baydenin İsrail səfəri proseslərə necə təsir edəcək? Vaşinqtonun prosesdə İsrailə bu qədər dəstək verməkdə məqsədi nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Azad Məsiyev hazırda regionda baş verən prosesləri dəyərləndirərək bildirib ki, beynəlxalq hüquq dünya siyasətini tənzimləmir:
“Yaxın Şərqdə baş verənlər insanlığa sığmayan hadisələrdir. İstər HƏMAS-ın, istərsə də İsrail silahlı qüvvələrinin apardığı əməliyyatlar heç bir normalara uyğun gəlmir. Yəni kütləvi şəkildə dinc əhalinin, qadınların, qocaların qətlə yetirilməsi insanlığa sığmayan haldır. Bunun kim tərəfindən həyata keçirilməsinin bir fərqi yoxdur. Yaxın Şərqdə baş verənlər nəticədir və hər nəticəni doğuran səbəb var. Bu səbəb araşdırılmalıdır. Məlumdur ki, İsrail dövləti yaradılanda, paralel şəkildə Fələstin dövləti də qurulmalı idi. Təəssüf ki, bu baş vermədi. Burada böyük güclərlə yanaşı, ərəb dövlətlərinin də günahı var. Həmçinin İsrail-Fələstin məsələsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) 100-dən artıq qərarı var. Əgər beynəlxalq hüquq qüvvədə olsaydı, bu qətnamələr icra edilərdi və indi baş verən qanlı qarşıdurma yaşanmazdı. Demək ki, beynəlxalq hüquq dünya siyasətini tənzimləmir. Bunu edən güc qanunudur ki, nəticədə dünyada xaos yaranır”.
Politoloq ABŞ-ın İraqa hücumu və bu gün İsrailə olan dəstəyini müqayisə edib:
“ABŞ Prezidenti Cozef Baydenin İsraillə bağlı açıqlamaları təəccüb doğurur. Xatırlayıram ki, ABŞ dövlət katibi BMT-nin kürsüsündən əlində kapsula nümayiş edirərək İraqda kütləvi qırğın silahlarının olduğunu bəyan etmişdi. Vaşinqton bunu əsas gətirərək İraqa girdi, dövləti işğal etdi, milyona yaxın insan öldürüldü, Səddam Hüseyn edam edildi. Bu ölkənin sərvətini taladılar. Sonra isə ABŞ Prezidenti açıqlama yaydı ki, ona düzgün olmayan məlumatın verildiyi müəyyən edilib. Nəticə olaraq bu yalan informasiya əsasında çox sayda insan öldürüldü. Bəs bu məlumatı verən şəxslər niyə cəzalanmadı? Həmin ABŞ dövlət katibi BMT kürsüsündə yalan informasiya təqdim etdiyi üçün niyə beynəlxalq hüquq qarşısında məsuliyyət daşımadı?”

Azad Məsiyev
A.Məsiyev qeyd edib ki, Birləşmiş Ştatlar bu gün dünyada xaos yaratmaqla öz siyasətini həyata keçirir:
“Yaxın Şərqdə də münaqişəni alovlandırmaqdan başqa bir addım atmır. Doğrudur, ABŞ dünyada güc sahibidir və o istəsə idi bu gün İsrail ilə Fələstin arasında bu münaqişə yaşanmazdı. Əgər güclü dövlət kimi sülh missiyasını öz üzərinə götürsə idi, hazırda bu hadisələr baş verməzdi. Təəssüf ki, tam əskinə, Vaşinqton silahlı yardımlar etməklə münaqişənə qızışdırır və daha geniş auditoriyaya çıxarmaq istəyir. Ümumiyyətlə Yaxın Şərqdə baş verən hadisələr dünya nizamını kökündən dəyişir. Əgər ABŞ sülh istiqamətindən çıxış etsə idi, Bayden daha çox nüfuz qazanardı”.
Politoloq Qəzzada xəstəxananın vurulması ilə pərdəarxası məqamlara diqqət çəkib:
“Qəzzadakı xəstəxananın HƏMAS tərəfindən vurulmasına dair açıqlama da Baydenin növbəti yalanlarından biridir. Əgər Vaşinqton həqiqətən hadisəyə düzgün qiymət vermək istəyirdisə, burada BMT-nin mandatı altında bir komissiya yaradılaraq baş verənlərə hüquqi qiymət verilməli idi. Lakin hadisəni başqasının üzərinə atmaqla yaşananları ört-basdır edirlər. Yaxın Şərqdə baş verənlər böyük güclərin maraq dairəsindədir. Məqsəd xaosu genişləndirib bölgə dövlətlərini də bura cəlb etməkdir. Cozef Baydenin yaxın zamanlarda İranda dövlət çevrişinin olacağına dair açıqlaması, Tehranı da münaqişəyə cəlb etmə istəyindən xəbər verir. Bu kimi metodlar Vaşinqtona xas olan amillərdir. İddia olunur ki, Qəzzada xəstəxana İsrailə ABŞ tərəfindən verilən silahlar vasitəsilə vurulub. Əgər belədirsə, ABŞ məsuliyyətə cəlb edilməlidir”.
Ayşən Mustafa
Globalinfo.az














