Ərəb-İsrail, ya də Fələstin-İsrail münaqişəsi elə mövzudur ki, ondan saatlarla danışmaq olar. Hətta məsələn, təkcə HƏMAS haqda dayanmadan bir neçə saat söhbət etmək olar. Baxıram ki, mediamızda müəlliflər əlinə keçən tarixi faktları yazır və bununla hökm çıxarmaq istəyir. Amma deyim ki, bu mövzu haqqında bir hadisədən çıxış edib hökm çıxarmaq adamı yanlış nəticələrə yönəldə bilər.
Dünənki hadisəyə gəlincə, bu, havadan, qəfil bir hadisə deyil. Sadəcə illərlə orda baş verənləri, əl-Əqsa məscidinə hücum zamanı ölümləri, gündəlik aksiyalar, ərəb məskənlərinin söküntüsü və yeni yaşayış məskənlərinin tikintisi zamanı yaşanan qarşıdurmada ölənlərin statistikasını izləməyən adamlar üçün HƏMAS-ın İsrailə hücumu gözlənilməz hadisə təsiri bağışlayıb.
Bu, müharibədir, 100 ildən çoxdur davam edən amansız müharibə. Orda tərəflər fərqli olub. 100 il əvvəl bir tərəfdə Haqana və İrqun, digər tərəfdə millətçi ərəb təşkilatları, tayfalar olub, bir dövr solçu fələstinlilərlə İsrail ordusu, indi isə islamçı HƏMAS və ya İslami-Cihadla İsrail savaşır. Sabah HƏMAS olmayacaq, amma müharibə davam edəcək.
Çünki sülh yolunu bağlayıblar. 1993-cu ildə Oslo prosesində Ərəfat və İshaq Rabin sülh prosesini başladanda Ərəfata ərəblər əl qaldırmadılar, amma İshaq Rabini radikal yəhudilər öldürdü.
İndi isə 30 ilə yaxındır İsraili radikal sağ idarə edir. Bu nə deməkdir? Yəni radikal sağ deyir ki, 2 min il əvvəl burda İsrail olub, ərəbə burda yer yoxdur, hətta əl-Əqsa məscidinə hücum edib namaz qılan müsəlmanları öldürürlər. Hazırda İsraildə nazirlər arasında sağçı silahlı yəhudi təşkilatlarında vuruşmuş adamlar var.
Qarşı tərəfdə də analoji olaraq İsrailin olmaması istəyən radikal islamçılar var. Yəni hər iki tərəfdə güc və iqtidar radikal qanadın əlindədir. Çünki dünyanın ən ağıllı xalqı 27 min kvadratmetr kilometr ərazini ərəb xalqı ilə bölmək istəmir. Ona görə də bu vəziyyət davam edəcək və hərbi qarşıdurmalar qaçılmazdır.
Yəhudi iddia edir ki, iki min il əvvəl romalılar onları qovub, dövlətlərini əllərindən alıb, fələstinli isə son iki min ildə orda yaşayıb, torpağın ona məxsus olduğunu deyir. Bu məsələdə hüquq və ya qanun deyil, ağıl və müdriklik lazımdır. O isə hələ yoxdur.
Məsələ HƏMAS-ın nə qədər silah və raketinin olması, İsrailin təyyarəsinin sayında deyil. Bu işin arxasında anlaşa bilməyən, bir-birinə nifrət edən iki toplum var. Onlar dəyişmədikcə müharibə də davam edəcək. Dediyim kimi, sabah HƏMAS olmayacaq, hansısa liberal və ya millətçi ərəb təşkilatı bu işi görəcək.
Kənan Rövşənoğlu