Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı bildirib ki, Gürcüstan hakimiyyəti Cənubi Qafqazda nəhayət, davamlı sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistanı hökumətin Sülh Qonşuluğu Təşəbbüsünə cəlb etməyə hazırdır.
2021-ci ilin sonunda Qaribaşvili Sülh Qonşuluğu Təşəbbüsünə başladı. Baş nazir qonşulara tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platformanın yaradılmasını təklif edib. 2022-ci ilin iyulunda Tiflisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk görüşü baş tutub.
Maraqlıdır, onun BMT-nin ali kürsüsündən etdiyi çağırışa Bakı və İrəvandan hansı cavab gələcək?
Ümumiyyətlə Gürcüstanın vasitəsilə Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər?
İlyas Hüseynov
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Gürcüstan Azərbaycan ilə Ermənistan arasında sülhün təhlükəsizliyinin qorunmasının tərəfdarıdır:
“Rəsmi Tiflis eyni zamanda regional prosesdən, layihələrdən kənarda qalmaq istəmir. Belə bir yanaşma var ki, Zəngəzur dəhlizinin açılması Gürcüstana mənfi təsir göstərəcək. Çünki bu Bakı-Tiblisi-Qars dəmiryolu xətti ilə bağlı yük daşımaların həcmini azalda bilər.
Məlumdur ki, həm yükdaşımalardan, həm də neft-qaz layihələrindən Gürcüstan böyük gəlirlər əldə edir. Tranzit imkanları hesabına bu gəliri həm də ölkə iqtisadiyyatına xalqın rifahına transfer edir. Lakin ötən dövr ərzində sübut olundu ki, əslində Bakı-Tbilisi-Qars layihəsi də orada dəhlizin önəmli bir elementidir. Azərbaycan bütün layihələrin davamlılığında maraqlıdır.
Sevindirici haldır ki, Gürcüstan Azərbaycan və Ermənistan ilə sıx əlaqə formalaşdırır. Hətta Gürcüstan minalanmış ərazilərin xəritə mübadiləsində yaxından iştirak etdi. Hesab edirəm Gürcüstanın siyasi imkanları Aİ, Rusiya ABŞ qədər olmasa da Ermənistan ilə Azərbaycan arasında etibarlı vasitəçi ola biləcək ölkədir”.
Turan Rzayev
Globalinfo.az