Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, nəşi 31 il sonra tapılmış Hüseynov Gülverdi Ağahüseyn oğlu dəfn edilib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, G.Hüseynov yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.
Qeyd edək ki, Gülverdi Hüseynov Birinci Qarabağ müharibəsində itkin düşüb. Həmin vaxt onun 41 yaşı var imiş. 1992-ci ilin yanvar ayında Gülverdi Hüseynovun şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Lakin həmin vaxtı ərazidə döyüşlər getdiyi üçün şəhidin nəşini götürmək mümkün olmayıb.
Bildirək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən Müharibəsində döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.
***13:35
Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş Baba Mikayılovun meyitinin qalıqları Şamaxı rayonunun Göylər kəndində dəfn olunub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, dəfindən əvvəl şəhidlə vida mərasimi keçirilib.
B.Mikayılovun vaxtilə yaşadığı evdə təşkil olunan mərasimdə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, ailə üzvləri, yaxınları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdən sonra şəhid yaylım atəşi və Dövlət Himninin sədaları altında Göylər kənd qəbiristanlığında torpağa tapşırılıb.
***12:26
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Abbasov Məhərrəm Abbas oğlunun dəfn mərasimi keçirilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
O, Keşlə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn edilib.
Məhərrəm Abbasov 1961-ci il 26 fevralda Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub. O, 26 yanvar 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndi ətrafında gedən döyüşlər zamanı itkin düşüb. Onun meyitinin qalıqları Vətən müharibəsindən sonra Şuşa rayonunun Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanaraq müəyyənləşib.

