Separatçıların “lideri” Araik Arutyunyanın seçim qarşısında qaldığı deyilir. Erməni mediası bildirir ki, iki çətin yoldan birincisi, Araik Arutyunyan təcili istefa verməsidir. İkincisi isə Qarabağa ərzağın Ağdam yolu ilə daxil olmasıdır. Arutyunyan hazırda istefa vermək niyyətində olmadığı üçün Ağdam məsələsi separatçıların əsas gündəmidir. Ərazidə Arutyunyanı dəstəkləyən komanda yaradılıb və onlar yaxın bir-iki gündə Bakı nümayəndələri ilə görüşə hazırlaşırlar. Görüşün böyük ehtimalla Bərdə şəhərində baş tutacağı bildirilir.
Bu iddia nə dərəcədə realdır. Yevlax görüşü baş tutmadı, Bərdə təması alınacaqmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Qarabağda Arutunyan və Vardanyan arasında soyuq küləklər əsməkdədir:
Zaur Məmmədov
“Vardanyan və ətrafındakılar buna qarşı çıxsa da yaxın vaxtlarda Ağdamdan keçməklə Bərdədə və ya digər rayonların birində erməni nümayəndələri ilə görüş labüddür. Əgər reinteqrasiya ilə bağlı görüşə gəlməsələr, bu, diplomatların yerinə hərbçilərin təşəbbüsü götürəcəklərinə gətirib çıxaracaq”.
Son həftələr ərzində separatçıların hərbi istehkamlar quraşdırmağa cəhd göstərmələri Qarabağın dağlıq hissəsində vəziyyətin sabitləşməsində separatçıların və bəzi xarici qüvvələrin maraqlı olmadıqlarının göstəricisidir.
Hər halda, təkliflər var, proses davam edir. Qarabağ erməniləri Azərbaycanda digər etnik qruplar kimi din və dil hüquqları əldə edə, yerli lokal səviyyədə seçkili orqanlarda iştirak edə bilərlər. Əgər Qarabağın dağlıq hissəsinin Azərbaycanın əsas hissəsinə reinteqrasiyası sülh şəraitində Bakının tələblərinə uyğun həyata keçirilərsə, regiondakı Türkiyə-Rusiya hərbi konfiqurasiyası indiki şəkildə daha bir müddət uzlaşmanı davam etdirəcək. Yox, əgər separatçılar silahlı birliklərini bölgədən çıxarmayaraq qondarma institutlarının fəaliyyətini dayandırmayacaqlarsa, Azərbaycan bunu güc yolu ilə reallaşdıracaq. Bunu anlayan regional aktorlar son zamanlar bir sıra təkliflərlə çıxış edirlər. Onların 2025-dən sonra bölgədəki bəzi institutlarının fəaliyyətini davam etdirməsinə o halda baxıla bilər ki, separatçı qurumlar ləğv edilsin, reinteqrasiyaya start verilsin”.
Politoloq Tural İsmayılov isə deyib ki, Azərbaycanın bu və ya hansısa formada terrorçu separatçı ilə görüşdüyünü düşünmür:
“Arayik Arutyunyan haqqında cinayət işi var. Rəsmi Bakı onu beynəlxalq axtarışa verib. Bu mənada mən belə bir şəxs ilə Azərbaycan rəsmilərinin görüşəcəyini düşünmürəm.
Azərbaycan erməni icması ilə Yevlax şəhərində görüş təklif edib. Lakin bu, reinteqrsiya prosesi çərçivəsində baş tuturdu. Yəni rəsmi Bakı separatçılarla deyil, erməni icması ilə görüşə razı olub. Burada belə, Azərbaycan onları tərəf kimi deyil, sadəcə daxili məsələsi kimi qəbul edəcəkdi.
Hesab edirəm, Bərdədə bu və ya başqa formada bir görüş olubsa belə separatçılar ilə deyil, erməni icması ilə ola bilər”.
Turan Rzayev
Globalinfo.az














