Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ötən gün İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış və Azərbaycana qarşı təşkilatlandırılan qanunsuz silahlı birləşməni ifşa etməsi ilə bağlı məlumat yaydı. DTX-nin şəbəkənin ifşası ilə bağlı yaydığı məlumatda ən çox diqqətçəkən və müzakirə olunan məqam isə İranın Azərbaycandakı səfirliyinin bu silahlı birləşmə ilə əlbir olmasıdır.
Belə ki, saxlanılan silahlı birləşmə üzvlərindən Fəqan Sədrəddin oğlu Məmmədovun İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanması faktı üzə çıxıb.
Maraqlıdır, İranın Azərbaycandakı səfirliyinin silahlı birləşmə ilə əlbir olması faktının aşkarlanmasından sonra XİN bu ölkənin Bakıdakı səfiri Seyid Abbas Musəvini persona non-qrata elan edəcək?
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına görə, Azərbaycan tərəfi İranın Bakıdakı səfirini və ya səfirlik əməkdaşlarını persona non-qrata (arzuolunmayan şəxs) elan edib ölkədən çıxarılmasını tələb edə bilər.
“Azərbaycan tərəfi İrana nota da təqdim edə bilər. Çünki diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını qəbul edən ölkə səfir göndərdiyi ölkənin daxili işlərinə qarışa bilməz və həmin ölkənin suverenliyinə hörmət etməlidir.
Ümumiyyətlə səfirlərin başlıca vəzifələri səfir təyin edildiyi ölkədə ölkəsini tanıtmaq və həmin ölkə barəsində qanuni yollardan məlumatlar toplayıb ölkəsinə göndərməkdir.
Səfirliklərin olduğu ölkə ilə bağlı məlumatlar toplaması təbii bir şeydir. Bu bir çox hallarda QHT-lər və ya digər leqal yollardan baş verə bilər. Lakin bir daha qeyd edirəm, heç bir səfir və ya digər diplomatik korpus nümayəndəsi fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə qarışa bilməz”
Turan Rzayev, Globalinfo.az