Bir neçə gün öncə Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı, dostluğu və müttəfiqliyinin növbəti uğurunun şahid olduq.
Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirdi.
Əməliyyat nəticəsində 5 nəfər saxlanıldı və haqlarında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq cinayət işi açıldı. Saxlanılan şəxslərdən biri də Demokratiya və Rifah Partiyasının sədri (əslində, bu partiya buraxılıb – red.) Qubad İbadoğludur.
Ölkə ictimaiyyətində onun həbsi geniş müzakirələrə səbəb olub. Hətta Qubad İbadoğlunun azadlığa çıxmasına dair kampaniya belə başlanıb. Lakin diqqətdən yayınan mühüm detallar var.
Məsələ ondadır ki, Türkiyə DİN FETÖ ilə əlaqəli olan şəxslər haqda Azərbaycana fakt ötürüb. Bu, məsələnin ciddiliyindən xəbər verir. Bir daha təkrar etməyə ehtiyac var ki, söhbət strateji tərəfdaşımız, müttəfiqimiz olan Türkiyədən gedir. Və həmin Türkiyə FETÖ ilə ölkə daxilində və xaricində uzun illərdir mübarizə aparır. Başqa sözlə, “şəbəkənin ucu” ölkə xaricinə qədər uzanıb ki, Türkiyə DİN bəzi məlumatları ələ keçirə bilib.
Ölkəxarici demiş, bu gün ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Azərbaycandakı səfirliklərinin ADR sədri Qubad İbadoğlu ilə bağlı tvit paylaşımaları etməsi məsələyə daha fərqli bir çalar qatdı.
Aktual sual isə budur: bu dörd ölkə Qubad İbadoğlunamı görə narahatdır, yoxsa narahatlığın səbəbi başqadır?
Hesab edirəm, məsələni aydın başa düşmək üçün ABŞ, Böyük Britaniya, Fransa və Almaniyaya ayrı-ayrılıqda nəzər keçirmək lazımdır.
Almaniya 15 iyul tarixində Türkiyədə hərbi çevrilişə cəhd sonrası FETÖ terror təşkilatının üzvlərinin ən çox üz tutduğu Avropa ölkəsidir. Rəsmi Berlin, Türkiyənin 132 FETÖ üzvünü ekstradisiya tələbini bu günə qədər yerinə yetirmir. Ekstradisiya tələbi rədd edilənlər arasında Can Dündar, Cövhəri Güvən, Abdullah Aymaz və Ərcan Qara Qoyun kimi FETÖ üzvləri də var.
Zəkəriya Öz, Fikrət Seşən, Cəlal Qara ilə keçmiş zabit İlhami Polat kimi mühüm şəxslərdə bu gün Almaniyada yaşayan FETÖ üzvləridir.
Almaniya qeyd olunan şəxslər başda olmaqla Türkiyənin tələb etdiyi FETÖ üzvlərini vermək yerinə, onlara yaşayış izni, hətta vətəndaşlıq statusu verir.
Fransa da Fətullahçı terror təşkilatının ən çox dayaq tapdığı ölkələrdəndir. Bu gün Paris və Strasburq başda olmaqla Fransada təşkilata bağlı məktəblər, dərnəklər, təhsil mərkəzləri və media qurumları fəaliyyət göstərir.
FETÖ-yə bağlı bəzi dərnəklər, hətta Senatda və Milli Məclisdə toplantılar keçirir. Dialoq adı ilə fəaliyyət göstərən Paris Platforması öz tədbirlərinə fransız deputat və senatorları dəvət edərək Türkiyə əleyhinə ictimai rəy yaratmağa çalışır.
Böyük Britaniya Almaniyadan sonra Avropa qitəsində FETÖ-nün ən fəal olduğu ölkədir. 1990-cı illərdə bu ölkədə formalaşmağa başlayan təşkilatın adanın hər yerində geniş məktəb, xeyriyyə təşkilatları, mədəniyyət mərkəzləri, beyin mərkəzləri, lobbi təşkilatları və tələbə evləri şəbəkəsi var və təxminən 100 milyon funt-sterlinq maliyyə qaynağı mövcuddur. 1990-2000-ci illərdə İngiltərədə təhsil və dialoq adı altında özünə geniş məkan açan təşkilat, təşkilata üzv olan iş adamları, alimlər və jurnalistlər üçün yeni “sığınacaq” mərkəzinə çevrildi.
ABŞ-a gəldikdə isə rəsmi Vaşinqton FETÖ terror təşkilatının yaradıcı və əsas himayədarı ölkə hesab edilir. Nəzərə alsaq ki, FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən özü də ABŞ-ın Pensilvaniya ştatında yaşayır, bu ölkənin təşkilata verdiyi dəyər, qiymət göz önündədir.
Göründüyü kimi, ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanı narahat edən heç də Qubad İbadoğlunun həbsi deyil, Türkiyənin FETO ilə bağlı Azərbaycana verdiyi məlumatlardır. Görünən odur ki, bu məlumatları bilən açar şəxs də məhz Qubad İbadoğludur.
Qubad İbadoğlu ilə bağlı diqqətçəkən mühüm məqam isə ABŞ-da FETÖ çulərin geniş ayaq açdığı Şimali Karolina, Dyuk və Rutqers universitetlərində işləməsidir. Q.İbadoğlunun dəfələrlə Pensilvaniyaya səfər etməsi, Fətullah Gülənlə görüşməsi, təlimatlar almasına dair faktlar var. İstintaqın gedişindən asılı olaraq yaxın vaxtlarda bu materiallar ictimaiyyətə təqdim oluna bilər.
Lakin bütün bunlara baxmayaraq, adıçəkilən ölkələrin İbadoğlu ilə bağlı tvitter paylaşımı Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdidir.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı