“Prezident İlham Əliyevin Forumda Rusiya ilə bağlı suala verdiyi cavab strateji baxımdan yüksək qiymətləndirilə bilər. Rusiyanın bölgə ilə bağlı planlarının nə olmasından asılı olmayaraq, bizim müttəfiqliyə dayanan münasibətlərimiz mövcuddur. Əlaqələrimiz Müttəfiqlik Bəyannaməsi kimi təmələ söykənib”.
Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.
Onun sözlərinə görə, əslində cənab prezidentin Rusiya ilə olan münasibətlərin yüksələn xətlə inkişafını və Qarabağ məsələsində rolunu qiymətləndirməsini dolayı yolla Moskvaya mesaj kimi də dəyərləndirmək olar:
“Rusiya zaman-zaman moderator missiyasına zidd addımlar atıb. Bu zaman həm dövlət başçısı, həm diplomatiya rəhbəri səviyyəsində qarşı tərəfə tutarlı cavab reaksiyası verilib. Belə bir mötəbər tədbirdə İlham Əliyevin formatlarla bağlı məsələyə toxunması, Moskva formatının da tərəfimizdən dəstəklənməsini vurğulaması qarşı tərəfə öhdəliklərini xatırlatma məqsədi daşıyır. Nəzərə almaq lazımdır ki, yaxın perspektivdə Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək.
Belə bir görüş ərəfəsində müvafiq mesajların verilməsi bu görüşə böyük ümidlər bəslədiyimizin, Rusiyanın adına uyğun üçüncü tərəf rolunda çıxış etməli olduğunun və ən başlıcası, üçtərəfli bəyanatın 4-cü bəndi, erməni silahlı birləşmələrinin bölgədən təmizlənməsinə töhfə verəcəyinə inanmağımızın mesajı idi.
Vaşinqton, Brüssel hansısa töhfələri verə bilər, lakin əsas öhdəlik bəyannamənin üçüncü tərəfinin üzərinə düşür. Bunlarla yanaşı, cənab prezidentin vasitəçisiz görüşlərə önəm verdiyimizi dilə gətirməsini tərəflərin heç bir təsir və təzyiq olmadan fikir mübadiləsi aparmasına şərait yaradılması tələbi kimi də başa düşmək olar”.
Turan Rzayev
Globalinfo.az