xinler 11

Rusiya XİN sözçüsü Mariya Zaxarova Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi üçün yaxşı şanslar var deyib. Rəsmi Moskva xarici işlər nazirlərinin görüşünün keçirilməsini istəyir.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işləri nazirləri görüşəcək. Rəsmi Bakı hələlik görüşlə bağlı konkret cavab deməsə də görüşün baş tutması mümkündür.

Maraqlıdır, Moskvada keçiriləcək görüş nəyə hesablanıb? Rəsmi Moskva Brüssel görüşünün nəticələrinə təsir edə biləcək? Moskvada sülhün əldə edilməsi mümkündür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi mümkündür:

1671105283 qabil huseynli

Qabil Hüseynli

“Bu görüşdə maraqlı olan əsas qüvvə Rusiyadır. Rəsmi Moskva Brüssel görüşünün nəticələrindən narahatdır. Sülhün Qərbdə imzalanmaması üçün Moskvada üçtərəfli görüşün keçirilməsini istəyir.

Hesab edirəm Azərbaycanda bu görüşə razılıq verəcək. Prinsip etibarilə sülhün harada əldə edilməsinin bizim üçün elə də bir əhəmiyyəti yoxdur. Burada əsas olan sülhün ən qısa zamanda və qalıcı şəkildə imzalanmasıdır. Lakin Rusiyanın iştirakı ilə keçirilən görüşdə sülhün əldə ediləcəyini düşünmürəm.

Rəsmi Moskva sülhün əldə edilməsini istəmədiyi kimi buna mane də olur. Ermənistan-Azərbaycan münaqişəsinin davamlı olması Kremlin Cənubi Qafqazdakı varlığının əsasını təşkil edir. Yəni münaqişə davamlı olduqca Rusiya da regionda olacaq”.

Politoloqun sözlərinə görə, Moskvada bir sənədin imzalanması mümkündür:

“Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı konkret bir sənədin imzalanmasına qərar verilə bilər. Hətta növbəti etapda ölkə başçılarının iştirakı ilə görüş də keçirilə və bu sənəd imzalana bilər. Lakin bunun yekun sülh müqaviləsi olacağını düşünmürəm.

Ümumiyyətə Moskvada imzalanacaq ehtimal bir sənəd 10 noyabr bəyanatı və ya atəşkəs razılaşması kimi əskik, icrası problemli və qərəzli olacaq. Rusiyanın tərəfləri uzlaşdırmaqda bir digər məqsədi də vaxt qazanmaqdır. Ukrayna müharibəsi fonunda itirdiyi gücləri Rusiya bərpa edib yenidən Cənubi Qafqaza üz tutmaq istəyir. Bunun üçünsə müvəqqəti sülhə ehtiyac var”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: