Yolda sürət həddini aşmaya görə cərimələr artırılıb. Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Xatırladaq ki, son illər yol hərəkəti təhlükəsizliyi ilə bağlı cərimələr bir neçə dəfə artırılıb. Lakin bu artım, cəza yol qəzalarının statistikasının azalmasına səbəb olmur. Ekspertlər “yol terroru”nun azalmasının təkcə cərimələrlə əlaqəli olmadığını deyirlər. Bir məqam da var ki, imkanlı şəxslər qaydanı pozurlar – ya sürət həddinə riayət etmirlər, ya manevr qaydalarını kobud şəkildə pozurlar. Bu kateqoriyadan olan sürücülər kəsilən cəriməni ödəyib, yenidən qayda pozuntularını təkrarlayırlar. Bir sözlə, cərimələrin, cəzaların artması yol nəqliyyat hadisələrinin sayını ciddi şəkildə azaltmır.
Mövzunu Globalinfo.az-a dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, cərimələrin artırılması çıxış yolu deyil:
“Əsas hədəf yol qaydalarını kobud şəkildə pozanlara, sürücülük hüququ əlindən alınmış şəxslərə, narkoman sürücülərə qarşı mübarizə aparmaqdır. Ona görə də onların cərimələri artırıldı, amma bu, cəriməni artırmaqla yoluna qoyulası deyil. Bəzi insanlar deyir, “pulum var, qayda pozuram, yaxşı edirəm”. Deməli, belə adamı cərimə ilə yox, başqa yolla cəzalandırmaq lazımdır”.
Ekspert deyib ki, pulunu verib canını qurtarmaq istəyən şəxsləri arayış alması üçün dəlixanaya göndərmək lazımdır:
“Müayinə olunsunlar, görək bu adam dəlidir, ya yox. O sözü deyən biri normal adam deyil. Belə adamlar yol hərəkəti təhlükəsizliyinə sırf pul gözü ilə baxırsa, pul verib həll edəcəyini düşünürsə, deməli, o adamın düşüncəsi zəifdir. Çünki təcrübədə görürük ki, milyonçular da yol qəzasının qurbanı olur. Ona görə də başqa mənəvi cəzalara üstünlük vermək lazımdır. Maddi cəzalar hər zaman işə yaramır”.
Zaira Akifqızı
Globalinfo.az