1412605

Ağır keçən müharibə günlərində öz səsi və gülərüzü ilə bizə ümid verən, qəhrəmanlığı ilə dastana dönən və Zəngilanda şəhidlik zirvəsinə ucalan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri Xudayar Müslüm oğlu Yusifzadənin bu gün doğum günüdür.

Globalinfo.az xəbər verir ki, şəhid Xudayar 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayıl və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

O, oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində gedən döyüşlərdə şəhid olub.

Qeyd edək ki, X.Yusifzadə Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə yazılmış mahnını ifa edib və bunu telefonun yaddaşına alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib.

Xudayarın timsalında Azərbaycanın ərazi bütövlüyünun təmin olunmasında, torpaqlarımızın işğaldan azad edilməsində canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik! Şəhidlərimizin bizə əmanət qoyduğu torpaqlarda bu gün tikinti-quruculuq işləri sürətlə davam edir. Vətənimiz cənnətə, dastana dönür!

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: