WhatsApp Image 2023 07 12 at 15.09.00

Prezidentin 11 iyul tarixində keçirdiyi müşavirə ölkənin gündəmini kökündən dəyişib. Təkcə ona görə yox ki, ölkə başçısı məmurları danlayıb, polisə daş atanları qınayıb. Prezidentin işinin öhdəsindən gələ bilməyən məmurları danlaması vaxtaşırı rast gəlinən haldır. Burda əsas diqqətə alınacaq məqam odur ki, Prezident müşavirədə bir sıra məmurun yalanını ifşa etdi. 

Dövlət başçısı çıxışında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev haqda sərt ifadələr işlətdi. Onu çox ağır əməllərdə şübhəli kimi göstərdi. Ola bilsin, İlham Əliyevdə ciddi məlumatlar var. O məlumatların bir hissəsini ictimaiyyətə sızdırdı. Nədir o məlumatlar?

Prezident çıxışında Gədəbəydə qızıl yatağını işlədən şirkətdən rüşvət alınması ehtimalını səsləndirib. Sitat:

“Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır”

Ölkə başçısı ən məlumatlı şəxsdir. O bir şey bilməsə, bu cür məlumatları səsləndirməz. Biz iddia etmirik Muxtar Babayev bilavasitə həmin şirlətdən pul alıb. Mümkündür ki, nazirliyin hansısa yüksəkçinli məmuru bu sövdələşməyə gedib. Fəqət bunun məsuliyyəti Muxtar Babayevin üstündədir.

Prezident sözügedən nazirliyi başqa məsələlərdə də ittiham edib. Sitat:

“Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”.

Musavire 132

Burada olduqca mühüm məqama diqqət edək. Deməli, Nazirlər Kabinetinin yaratdığı komissiyanın hazırladığı hesabatda Söyüdlü kəndindəki tullantıların zəhərli olması təkzib olunur. Nazir Muxtar Babayev, Gədəbəyin icra başçısı Orxan Mürsəlov, başqa görəvlilər jurnalistlərə açıqlamalarında deyirdilər ki, tullantılar o qədər də zəhərli deyil, təbiətə çox da ziyan vurmur. Hətta sianid turşusunun az qalsın cana faydalılığından bəhs edələr.

Prezident müşavirədəki çıxışında məmurların bu yalanlarını da sarmadağın etdi. Açıq şəkildə dedi ki, Söyüdlüdə qızıl çıxarılması işi ilə məşğul olan şirkət təbiəti, ekologiyanı zəhərləyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də buna göz yumur, malalayır. Ölkə başçısı bildirdi ki, yəqin, şirkət rəhbərliyi məmurları “görüb”, onlara rüşvət verib.

Prezident Nazirlər Kabinetinin hazırladığı hesabatı da darmadağın edən ifadələr işlətdi. Bildirdi ki, o hesabatı oxuyanda bilmək olmur orada nə yazılıb. Həmin hesabatı hazırlayan nazirlər, digər məmurlar ana dilində – Azərbaycan türkcəsində danışa bilmirlər. Ətraflarındakılar da özlərindən beş-betər. Hesabatın başa düşülməməsinin bir səbəbi də bu ola bilər… Ölkə başçısı baş naziri, ekologiya və təbii sərvətlər nazirini, digər məmurları ona vaxtında və düzgün məlumat verməməkdə suçladı. Və onlara 1 həftə vaxt verdi.

Prezident İlham Əliyev çıxışında Söyüdlü camaatını birmənalı müdafiə edib. Onların etirazlarının haqlı olduğunu deyib. Aidiyyəti dövlət qurumlarının bu etirazlara vaxtında həssas yanaşmadığı, buna görə də problemin şişdiyini söyləyib.

soyudlu 123

Bəziləri bu qədər müsbət və vacib məqamları kənara qoyub, İlham Əliyevin polisi müdafiə etməsini, qarşıdurmada polisə daş atanları qınamasını qabardıb, bundan uzağagedən nəticə çıxarırlar. Bəs Prezident nə deməli idi? Bu qanunsuzluğa haqq qazandırmalıydı? Deməli idi ki, düz edib daşa basıblar polisi? Ölkə rəhbərində ən dəqiq məlumatlar olur. O məlumatlar bir neçə mənbədən alınır, süzgəcdən keçirilir, təhlil edilir, dəfələrlə yoxlanılır. Söyüdlü hadisələrindən istifadə edərək qarışıqlıq yaratmaq istəyən qüvvələrin olması istisna edilmir. Necə ki, oxşar hadisələrlə bir neçə dəfə rastlaşmışıq. Prezidentdə də bu barədə səhih məlumat olduğu üçün prosesə qiyməti və reaksiyanı bu cür verdi. Polisə daşatma əməliyyatının sonradan Azərbaycanda sabitliyinin daşlanması, süni şəkildə qarşıdurma yaradılması ilə nəticələnməyəcəyinə kimin qarantiyası var? İndiyədək “inqilablar”, “demokratik hərəkatlar” bu şəkildə başlamayıbmı? Əlinə daş-kəsək alıb polisə atanlar sonradan öz ölkəsinə, dövlətinə, vətəndaşına qumbara, raket atıblar. Və bu proses həmin ölkələrin az qalsın Yer üzündən silinməsi ilə nəticələnib.

İndi hamını düşündürən sual budur ki, Prezidentin ittiham və tənqid etdiyi məmurlarla bağlı rəftar necə olacaq? Təbiətin zəhərlənməsinə, bir kəndin əhalisinin nahaqdan incidilməsinə səbəb şəxslər cəzalanacaqmı? Onlardan hansının karyerası Söyüdlüdəki zəhərli göldə batacaq?

Aydın Aslan
Globlinfo.az

Paylaş: