Havalar çox isti keçsə də, qızmar günəş altında çalışmağa məcbur olan şəxslər var. Həkimlər səhər saat 11-dən axşam saat 5-ə kimi açıq havada olmamağı məsləhət görürlər, lakin bəzi insanlar günün ən qızmar vaxtında belə yol çəkməyə, asfalt döşəməyə, tarlada çalışmağa davam edirlər. Bəs isti havalarda əmək qanunvericiliyi necə tənzimlənir?
Məsələ ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Şamil Paşayev deyib ki, havanın temperaturu 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlərində fasilələr verilir və ya iş dayandırılır:
“Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir”.
Hüquqşünas bildirib ki, işçiləri isti havada işlədən şəxslər cərimə olunurlar:
“Həmin şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir. Bununla bağlı vətəndaşlar Dövlət Əmək Müfəttişliyi Xidməti və məhkəməyə müraciət edə bilərlər”.
Zaira Akifqızı
Globalinfo.az