“Küçələrə çıxın, silah tapacağıq” – Priqojindən Şoyqu və Gerasimova qarşı çağırış

“Küçələrə çıxın, silah tapacağıq" - Priqojindən Şoyqu və Gerasimova qarşı çağırış

Rusiyanın “Vaqner” Xüsusi Hərbi qruplaşmasının başçısı Yevgeni Priqojin Rusiya ordusuna qarşı əməliyyata başlayacağını bildirib. 

Globalinfo.az xəbər verir ki, o iddia edib ki, Rusiya MN Vaqnerin arxa cəbhəsinə zərbə endirib, itkilər var:

“Biz 25 min nəfərik və ölkədə xaosun niyə baş verdiyini aydınlaşdıracağıq. Qoşulmaq istəyən hər kəs qoşulsun. Bu biabırçılığa son qoymalıyıq”.

Bundan əlavə, Vaqnerin rəhbəri bütün vətənpərvər rusiyalıları küçələrə çıxmağa səsləyib:

“Küçələrə çıxın, silah tapacağıq. Bu gecə Rusiyanın şərəfini ləkələyən satqınların, cinayətkarların məsələsini həll edəcəyik. Onların adları Şoyqu, Gerasimov”.

Priqojin bu addımlarının hərbi çevriliş olmadığını, ədalət yürüşünə çıxdıqlarını deyib.

“Rus ordusunun böyük əksəriyyəti bizi müdafiə edir, deyirlər ki, sağ olun, dostlar, siz həqiqəti deyirsiniz. Bizim hərəkətimiz heç bir halda Rusiya hərbi birliklərinə mane olmur və onlara qarşı deyil”, – Priqojin vurğulayıb.

Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. “Vaqner” düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.